ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu Mar-a-Laqoda görüşüblər.
Turkustan.az xəbər verir ki, görüşdən əvvəl jurnalistlərə açıqlama verən Tramp deyib: "Qəzzada 2-ci mərhələyə keçmək istəyirik, amma əvvəlcə HƏMAS tərksilah olmalıdır".
Türkiyə qoşunlarının Qəzzaya yerləşdiriləcəyini gözləyib-gözləmədiyi soruşulduqda, ABŞ prezidenti Donald Tramp belə cavab verib: "Prezident Ərdoğanla çox yaxşı münasibətlərim var və biz bunu müzakirə edəcəyik. Əgər uyğun olarsa, düşünürəm ki, bu, yaxşı olardı, biz Netanyahu ilə danışacağıq. Biz bunu müzakirə edəcəyik. Amma Türkiyə əla ölkədir və Ərdoğan əla liderdir".
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Tramp bildirib ki, "Prezident Ərdoğanı çox yaxşı tanıyıram və hamınızın bildiyi kimi, o, mənim çox yaxşı dostumdur. Mən ona inanıram və hörmət edirəm. Netanyahu da ona hörmət edir".
ABŞ prezidenti Türkiyəyə F-35 satışı ilə bağlı suala "Biz bunu ciddi şəkildə nəzərdən keçiririk" cavabını verib.
Tramp deyib: "Söz verirəm ki, (F-35-lər) İsrailə qarşı istifadə olunmayacaq".
Tramp İranla bağlı bildirib ki, "Əgər İran raket proqramını inkişaf etdirməyə davam edərsə, mən İrana qarşı sürətli hücumu dəstəkləyərəm. Əgər onlar nüvə proqramlarını davam etdirsələr, hücum dərhal olmalıdır".
Aytən Yaşar/ Turkustan.az