Pensiyaların verilməsində yenilik ola bilər - Əgər ailə başçısı vəfat etsə...


Son illər Azərbaycanda pensiya sisteminin idarə olunmasında rəqəmsallaşma prosesi əhəmiyyətli dərəcədə sürətlənib. Artıq pensiyanın təyin edilməsi, müraciətlərin və sənədlərin qəbulu, cavabların təqdim edilməsi, ödənişlərin həyata keçirilməsi və uçot məsələləri elektron hökumət portalı üzərindən avtomatlaşdırılmış şəkildə aparılır.

Bəs, rəqəmsallaşma pensiya idarəçiliyində daha hansı yeniliklər gətirə bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, bu istiqamətdə atılan addımlar pensiya xidmətlərinin daha şəffaf və çevik idarə olunmasına imkan yaradır:

Rəşad Həsənov

“Bu, davamlı prosesdir. Növbəti dövrlərdə də xüsusilə praktik xarakterli xidmətlərin təşkili baxımından rəqəmsallaşma mühüm çağırış olaraq qalır. Hələ də bəzi xidmətlər tam elektron formada təqdim edilmir və müraciət əsaslı xarakter daşıyır. Məsələn, ailə başçısını itirmə halında pensiyanın digər ailə üzvünə keçirilməsi prosesi bu qəbildəndir”.

Ekspertin fikrincə, gələcəkdə bu kimi xidmətlərin də avtomatlaşdırılması gözlənilir:

“Əgər ailə başçısı vəfat edibsə, artıq sistem bu məlumatı avtomatik qeydə alaraq pensiyanın digər ailə üzvünə keçirilməsi ilə bağlı qərarı öz-özünə qəbul edə bilər. Bu, həm idarəetmənin səmərəliliyini artıracaq, həm də büdcə proqnozlaşdırmasını asanlaşdıracaq”.

Rəşad Həsənov əlavə edib ki, rəqəmsallaşma pensiya sistemində uçotun dəqiqləşdirilməsi, şəffaflıq və hesabatlılıq baxımından da əsas alətlərdən biri kimi mühüm əhəmiyyət daşıyır.


MANŞET XƏBƏRLƏRİ