Oriental rəqqasə Aygün Babayevanın sosial şəbəkə hesabında paylaşdığı yeni görüntülər müzakirələrə səbəb olub. Videodan məlum olur ki, o, iştirak etdiyi müxtəlif məclislərdə uşaqların dodağından öpür.
Bu isə bir çox izləyici tərəfindən “uyğunsuz”, “psixoloji cəhətdən düzgün olmayan” və “gigiyenik baxımdan riskli” addım kimi qiymətləndirilib.
Məsələ ilə bağlı “Yeni Sabah” danışan pediatr Aytən Ziyadova deyib ki, burada problem təkcə infeksiya riski ilə bağlı deyil. Onun sözlərinə görə, uşaqlar üçün bədən sərhədlərinin öyrənilməsi çox önəmlidir. Həkim vurğulayıb ki, dodaqdan öpülmə uşağın şəxsi məkan və ona toxunma qaydaları anlayışını pozur: “Bu, sonradan uşaqlarda emosional qarışıqlıq və sosial sərhəd problemləri yarada bilər”.
A.Ziyadova bildirib ki, uşaqlara sevgi göstərməyin daha sağlam yolları var və bunun üçün dodaqdan öpməyə ehtiyac yoxdur. Pediatr uşaqları qucaqlamağı, yanaqlarından öpməyi, saçını oxşamağı tövsiyyə edir:
“Ya da sadəcə “səni çox istəyirəm” demək həm gigiyenik, həm də psixoloji baxımdan daha sağlam davranışdır. Xüsusilə 0-6 yaş arası uşaqlarda bu tip təmaslardan çəkinmək vacibdir”.
A.Ziyadova söyləyib ki, dodaq təması istər valideyn, istər yaxın, istərsə də yad şəxs tərəfindən olsun, uşaqlar üçün risk daşıyır:
“Əvvəla, dodaq təması gigiyenik və bioloji baxımdan təhlükəli davranışdır. Ağız boşluğu orqanizmin ən zəngin mikrobioloji mühitlərindən biridir və burada yüzlərlə bakteriya, virus və göbələk növü mövcuddur”.
Pediatr qeyd edib ki, dodaqdan öpmə yolu ilə bir sıra infeksion xəstəliklər ötürülə bilər:
“Dodaq təması ilə ötürülə bilən əsas infeksion xəstəliklər bunlardır: Herpes Simplex Virus, tip 1 (HSV-1) - ağız və dodaq ətrafında yaralar törədir. Bu virus bir dəfə bədənə düşdükdən sonra ömürlük qalır və immunitet zəiflədikdə yenidən aktivləşir.
Epstein-Barr virusu (EBV) - xalq arasında “öpüş xəstəliyi” kimi tanınır, infeksion mononukleoz yaradır. Uşaqlarda qızdırma, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi və uzunmüddətli halsızlıqla müşahidə olunur.
Sitomeqalovirus (CMV) - xüsusilə körpələr və immun sistemi zəif olan şəxslər üçün çox təhlükəlidir. Bəzi hallarda bu virus körpələrdə eşitmə və sinir sistemi zədələnmələrinə gətirib çıxara bilər.
Bakterial infeksiyalar - streptokokk, stafilokokk, meningokokk kimi mikroorqanizmlər də tüpürcək vasitəsilə keçə bilər”.
A.Ziyadova əlavə edib ki, bu xəstəliklər bəzən görünməz daşıyıcılıq formasında olur: “Bu xəstəliklər bəzən görünməz daşıyıcılıq formasında olur, yəni insanın özündə simptomlar olmasa belə, o, virusu ötürə bilər”.