Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.
Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.
Turkustan.az Ramiz Mehdiyevlə bağlı maraqlı məlumatları təqdim edir:
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərində anadan olub. 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilik məktəbini bitirib və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyib.
1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçün sənədlərini S.Kirov adına daşıyan Azərbaycan Dövlət Unversitetinə verib və Tarix fakültəsinə daxil olub.
1965-ci ildə ali təhsilini başa vuran Ramiz Mehdiyev LKGİ-də təlimatçı vəzifəsində işləməyə başlayıb. Ramiz Mehdiyev 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib.
O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun Fəlsəfə fakültəsinin aspiranturasına daxil olub. 10 ilə yaxın Rusiyanın ən elitar elm ocağında elm sahəsində işləyib. 1977-ci ildə MDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edib. Bundan sonra R.Mehdiyev Azərbaycana qayıdıb. 1972-ci ildə vaxtilə oxuduğu ali məktəbdə işə düzəlib. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. Kommunist Kommunist Partiyasının üzvü olan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiya rəhbərliyinin diqqətini cəlb edib. Mərhum Heydər Əliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmi fəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlib. O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatında təbliğat-təşviqat şöbəsinə mühazirəçi qismində cəlb olunub. İki il sonra, 1976-cı ildə Azər.KP MK-nın elm və təhsil müəssələri şöbəsinə müdir təsdiq olunub.
1978-ci ildə isə Bakının ən böyük və strateji rayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayon Komitəsinin birinci katibi təyin edilib. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən Mərkəzi Komitəyə qayıdıb. 1980-cı ilin iyununda elm və təhsil şöbəsinə müdir təyin olunub. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edən ən mühüm posta - Azərbaycan KP MK-nin təşkilati-partiya işi şöbəsinə müdir təyin ediblər.
1988-ci ildə SSRİ prezidenti Qorbaçovun Azərbaycana Əbdürrəhman Vəzirovun timsalında təyin etdiyi yeni rəhbərlik ölkədə kadr dəyişikikləri edib. Ramiz Mehdiyev Milli Elmlər Akademiyasına gəlib. 1988-ci ilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnistitutuna şöbə müdiri işləyib. 1993-cü ildən fəlsəfə elmləri doktorudur.
1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdan Heydər Əliyev 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəri təyin edib.
Ramiz Mehdiyev 1995-ci ildən 2019-cu ilədək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-cu ildən 2022-ci ilədək isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.
Akademik 100-dən çox elmi məqalələrin müəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s. mövzularla bağlı). 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.
17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə "İstiqlal" ordeni ilə təltif edilib. /yenisabah.az/