Əliyevlə mühüm razılaşma: Paşinyan Ermənistanda bu məsələyə nöqtə qoydu


Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də baş tutan Vaşinqton görüşündən sonrakı iki ay ərzində 4 dəfə bir araya gələrək fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.

Liderlər Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirakları çərçivəsində müzakirə aparıblar.

Bu görüşlər ümumi ayaqüstü söhbətlərdən ibarətdir, yoxsa sülh prosesi ilə bağlı spesifik danışıqlar həyata keçirilir? Sülh sazişinin paraflanmasına baxmayaraq, liderlər onu imzalamağa niyə tələsmirlər?

Globalinfo.az-a danışan politoloq Zaur Məmmədov deyib ki, Vaşinqton zirvəsindən öncə də liderlər arasında görüşlər keçirilir və danışıqlar aparılırdı:

“Bu il sadəcə danışıqlar daha real nəticələrin alındığı mərhələyə daxil oldu. Yəni ümumiləşdirsək, Vaşinqton sazişi bir gün, ya da bir saat ərzində baş tutmadı. Ona gedən böyük bir yol qət edilildi.

BƏƏ-nin Əbu-Dabi şəhərində liderlər bir araya gələrkən artıq danışıqların konturlarının hansı istiqamətdə olduğu, nələrin müzakirə edildiyi, hansı razılıqların əldə olunduğu bəlli idi. Nəticə etibarilə, saziş paraflandı və biz bundan sonra bütün platformalarda iki ölkə liderinin daha açıq və intensiv şəkildə ayaqüstü görüşlər keçirdiyini müşahidə etdik.

Dövlət başçılarının xüsusilə iki ay ərzində 4 dəfə bir araya gəlməsi, fikir mübadiləsi aparmaq imkanı qazanması çox mühüm hadisədir. Eyni qaydada bu təmasların obyektiv səbəbləri də var. Belə ki, sazişin imzalanması birgə işlərin daha da artacağı mənasına gəlir.

Bəzən sülh sazişinin imzalanmasından sonra prosesin yekunlaşacağına dair təsəvvür yaranır. Lakin əksinə, bundan sonra işlər, danışıqlar, təmaslar daha da çoxalacaq. Sazişin imzalanması belə yeni bir prosesdir və onun konturları, istiqaməti liderlər arasında indidən müzakirə edilir.

Masa üzərində hazırda sənədlər, razılıqlar var. Amma həyata keçirilməsi üçün zəruri addımların atılması vacibdir. Razılaşmaların xüsusilə Ermənistanda icrası elə də asan olmayacaq. Yəni göründüyü kimi liderlərin müzakirə etməli olduğu mövzular çoxdur”.

Zaur Memmedov pol
Zaur Məmmədov

Politoloq bildirib ki, hazırkı məqamda müəyyən gözləntilər var:

“Artıq real olaraq Bakı və İrəvan arasında razılıqların həyata keçirilməsi yaxın aylarda baş tutmalıdır. Bu kontekstdə, Ermənistanda keçiriləcək parlament seçkilərində baş nazir Nikol Paşinyanın partiyasının qalib gəlməsi, referendumun təşkili və yeni səhifənin açılması üçün vaxta ehtiyac var.

Paşinyanın bu məsələni tezləşdirməsi onun özü üçün də yaxşı olardı. Çünki Ermənistanda seçkiöncəsi vəziyyət tədricən gərginləşir. Sabah hakimiyyətdə kimin olması dilemması ilə qarşı-qarşıya qala bilərik.

Paşinyan özü hakimiyyətdə qalarsa, bu zaman onun düşüncələrində dəyişikliyin olub-olmayacağını da bilmirik. Hər halda, bunu zaman göstərəcək. Çünki Rusiya–Ukrayna müharibəsi dərinləşərsə, Moskvanın Cənubi Qafqaz ətrafında da rolunun artmasına şahid ola bilərik.

Nəticə olaraq, Ermənistan və Azərbaycan arasında əldə olunan razılığın regional aktorların çağırışları ilə üst-üstə düşməməsi mümkündür. Əlbəttə, sevindirici hallar da var. Ermənistan rəhbərliyi hazırda Azərbaycanın ərazi məsələsi ilə bağlı məqamları qəbul edib. Özü də bunu tez-tez dilə gətirir.

Bundan başqa, Paşinyan hakimiyyəti Qarabağ ermənilərinin geri qayıtmasına mövzusuna da artıq nöqtə qoyub, belə bir şeyin mümkün olmadığını deyib. Proseslər hələlik müsbət templə davam edir”.


MANŞET XƏBƏRLƏRİ