"İTKİLƏRİN ÜMUMİ SAYI 1 MİLYONU KEÇİR" - Rusiya və Ukrayna tərəfinin real itkiləri nə qədərdir?


Ukraynada müharibə davam etdikcə, hər iki tərəfin itkiləri də günbəgün artır.

Turkustan.az xəbər verir ki, Amerikanın “The Wall Street Journal” nəşrinin məlumatına görə, Rusiyanın genişmiqyaslı təcavüzü başlayandan bəri Ukrayna ilə Rusiyanın itkilərinin ümumi sayı bir milyon nəfəri keçib. Buraya ölənlər və yaralananlar daxildir.

Nəşr yazır ki, müharibədə ölən və yaralananların dəqiq sayını müəyyən etmək çətindir, çünki Rusiya və Ukrayna rəsmi məlumat yaymaqdan imtina edir, bəzən isə çoxlarının etibar etmədiyi rəqəmləri açıqlayır.

Bununla yanaşı, qəzet qeyd edir ki, bu ilin əvvəlində aparılan məxfi hesablamalara görə, ukraynalı hərbçilər arasında ölənlərin sayı 80 min, yaralananların sayı isə 400 min nəfər təşkil edib. Qərb kəşfiyyatının Rusiya itkiləri ilə bağlı məlumatına görə isə orada ölənlərin sayı təxminən 200 minə, yaralıların sayı isə 400 minə yaxındır.

Nəşr yazır ki, bu itkilər əhalisi Rusiyadan əhəmiyyətli dərəcədə az olan Ukrayna üçün daha zərərlidir. Qəzet adını çəkmədiyi Ukrayna rəsmilərinə istinadla qeyd edir ki, Zelenskinin 18-25 yaşlı kişiləri səfərbərliyə cəlb etməməsi təsadüfi deyil. Belə ki, bu insanların əksəriyyəti hələ uşaq sahibi deyil. Ukraynalı demoqraflar bildirirlər ki, bu yaş kateqoriyasındakı çağırışçılar ölərsə və ya yararsız hala düşərsə, gələcək demoqrafik perspektivlər daha da pis olacaq.
Buna görə də məqalədə deyilir ki, Ukrayna Qərb tərəfdaşlarının döyüşə daha çox adam göndərmək çağırışlarına müqavimət göstərir və yalnız qismən səfərbərlik həyata keçirir. Rəsmilərin və hərbçilərin məlumatına görə, hazırda ukraynalı döyüşçülərin orta yaşı 43-ü ötür. Sayı artırmaq üçün Kiyev az sayda məhkumları və əcnəbiləri də orduya cəlb etmək məcburiyyətindədir. /AzPolitika.info/


MANŞET XƏBƏRLƏRİ