NATO müttəfiqləri son bir il ərzində Ukraynanın müdafiəsi üçün ABŞ silahlarının alınmasına 10 milyard dollardan çox vəsait ayırıblar.
Turkustan.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte sentyabrın 8-də Ukraynada Müdafiə Məsələləri üzrə Təmas Qrupunun (Ramşteyn formatı) iclasının əvvəlində bildirib ki, ABŞ silahlarının Ukraynaya tədarükü PURL mexanizmi çərçivəsində fasiləsiz davam edir.
Rutte qeyd edib ki, NATO müttəfiqləri və tərəfdaşlarının maliyyələşdirdiyi PURL mexanizmi vasitəsilə Ukraynaya, o cümlədən hava hücumundan müdafiə sistemləri olmaqla, mühüm hərbi avadanlıqlar çatdırılır.
“Bu tədarük fasiləsiz davam edir və Ukraynanın şəhərlərini müdafiə etməsi, eləcə də cəbhə xəttini saxlaması üçün son dərəcə vacibdir”, – deyə Rutte bildirib.
NATO baş katibinin sözlərinə görə, son bir il ərzində müttəfiqlər PURL və Ukrayna üçün ABŞ hərbi texnikasının alınmasını nəzərdə tutan proqram çərçivəsində 10 milyard dollardan çox vəsait ayırıblar.
Aytən Yaşar/ Turkustan.az