PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı)) 2025 nəticələrinə əsasən, Azərbaycan hər üç istiqamət üzrə dünyada ən böyük irəliləyiş göstərən 2-ci ölkə olub.
Turkustan.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev PISA 2025 - Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatında deyib.
Ölkənin nəticələri riyazi savadlılıq üzrə 63, təbiət elmləri üzrə 60, oxu üzrə isə 40 bal artıb.
PISA 2025-də iştirak edən 91 ölkənin yalnız bir qismi əvvəlki qiymətləndirmə dövrü ilə müqayisədə irəliləyiş göstərib.
Belə ki, təbiət elmləri üzrə 34, riyazi savadlılıq üzrə 16, oxu üzrə isə 18 ölkənin nəticələri yaxşılaşıb.
Nazir bildirib ki, PISA nəticələrinin Azərbaycanın təhsil sistemi üçün təsirləri və əhəmiyyəti zaman keçdikcə daha aydın görünəcək. Onun sözlərinə görə, əldə olunan nəticələrin real təsiri 10-15 il sonra daha aydın şəkildə hiss ediləcək.
Emin Əmrullayev diqqətə çatdırıb ki, PISA 2025 tədqiqatı ölkə üzrə 241 məktəbdən 7 432 şagirdi əhatə edib.
PISA nəticələrinə əsasən, təbiət elmləri üzrə Bakı şəhəri 47-ci, Azərbaycan 69-cu yerdə qərarlaşıb.
Nazir Emin Əmrullayev qeyd edib ki, Top50-yə düşmək Bakı üçün yaxşı nəticədir: "Bizim ən ağrılı yerimiz oxu məsələsidir. Sona gəldikdə, oxu ilə bağlı daha ciddi problemlərin olduğunü görəcəyik. Çünki şagirdin oxuduğunu anlamaması problemdir. Təbiət elmləri ilə bağlı yanaşmamızı əsaslı şəkildə dəyişməyə ehtiyac var".
"Nəticələrə görə, Azərbaycan ölkə olaraq ən yaxşı 50 ölkə arasındadır. Bakı isə ən yaxşı 30 iqtisadiyyat arasındadır. Ən yaxşı artım göstərən ölkələrdən biriyik. PISA 2025-in riyaziyyat üzrə tədqiqatında ilk yerləri Sinqapur, Makao (Çin), Taybey (Çin), Yaponiya və Koreya tutur. Bakı riyaziyyat üzrə 63 bal toplayaraq özünün əvvəlki nəticəsi ilə müqayisədə irəliləyiş göstərib".