Qazaxıstanla Çin arasındakı sərhəd-keçid məntəqələrindən birində bəzi kişilərdən saqqallarını qırxmaları tələb olunub.
Turkustan.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Bildirilib ki, Çin sərhədçiləri bəzi şəxslərin ölkəyə girişinə icazə verməzdən əvvəl onlardan saqqallarını qırxmasını tələb edə bilər.
Səbəb isə saqqalın bəzi hallarda radikal və ya ekstremist ideologiyaya bağlılığın əlaməti kimi qiymətləndirilməsidir.
Qazaxıstanlı Samat Avqanov deyib ki, iş məqsədilə Çinin Xorqos şəhərinə gedərkən sərhəd-keçid məntəqəsində ondan saqqalını qırxması və ya Qazaxıstana geri dönməsi tələb olunub.
O, nəticədə saqqalını qırxmağa məcbur qaldığını və sərhədçilərin prosesi videoya çəkdiyini deyib.
Digər Qazaxıstan vətəndaşı Şınqıs Qudaybergenov da oxşar hadisə ilə üzləşdiyini bildirib:
“Saqqallı kişiləri polis əməkdaşları qarşılayır, onlara ülgüc verilir, hətta bu proses qeydə alınır. Bu, edilmədiyi halda ölkəyə keçidə icazə verilmir. Mən bloqer olduğumu deyəndən sonra saqqalımın kiçik hissəsini saxlamağa razılıq ala bildim”./Globalinfo.az