Almaniya hökuməti ölkəni mümkün hücumlardan və təxribat cəhdlərindən qorumaq məqsədilə İsraillə əməkdaşlıq etməyə hazırlaşır.
Turkustan.az xəbər verir ki, birgə layihə çərçivəsində dronları ələ keçirmək üçün xüsusi bölmələrin yaradılması və təxribatların qarşısının alınması üçün müdafiə sistemi qurulması nəzərdə tutulur.
Almaniya mediasının məlumatına görə, ölkə hökuməti son aylarda kritik infrastruktura qarşı kiberhücumların və hava limanları ərazilərində qanunsuz dron fəaliyyətinin artması fonunda iki böyük layihə həyata keçirməyə hazırlaşır.
Daxili işlər naziri Aleksandr Dobrindt kritik infrastrukturu qorumaq məqsədilə dron əleyhinə tədbirlər bölməsinin və təxribatın qarşısının alınması qalxanının yaradılmasını təklif edib. Bu addım artan təxribat və casusluqla əlaqəli dron fəaliyyətinə qarşı mübarizəni gücləndirməyi hədəfləyir.
Almaniya Daxili İşlər Nazirliyinin yaxın günlərdə Nazirlər Kabinetinin gündəliyinə daxil ediləcəyi gözlənilən plana əsasən, təxribatların qarşısının alınması qalxanı bir növ “Kiber Günbəz” funksiyasını yerinə yetirəcək. Sistem kiberhücumları erkən mərhələdə aşkarlamaq və qarşısını almaq üçün xüsusi rəqəmsal sensorlar şəbəkəsindən ibarət olacaq.
Aytən Yaşar/ Turkustan.az