Ukraynanın müdafiə naziri Yevgeni Xmara Rusiya hərbi logistikasına qarşı uzaqmənzilli zərbələrin davam etdiriləcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu” məlumat yayıb.
Müdafiə naziri vəzifəsində ilk dəfə Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun (“Ramştayn”) iclasında iştirak edən Xmara jurnalistlərin Krım körpüsünün vurulması və Ukrayna Silahlı Qüvvələrinin bundan sonrakı addımları ilə bağlı sualını qısa şəkildə cavablandırıb: “Biz hələ yeni başlayırıq”.
O, görüşdən əvvəl qarşıdakı danışıqlara əhvalını “döyüş ruhunda” köklədiyini deyib.
Xmaranın sözlərinə görə, Ukrayna nümayəndə heyəti iclasda hava hücumundan müdafiə sistemləri üçün əlavə ələkeçirici raketlər və döyüş aviasiyası üçün sursat tədarükünə nail olmağa çalışacaq. Kiyev, həmçinin pilotsuz uçuş aparatlarının istehsalını genişləndirmək və tərəfdaş ölkələrlə birgə müdafiə müəssisələrini inkişaf etdirmək üçün maliyyə dəstəyi almağı planlaşdırır.
Bununla yanaşı, Ukrayna Rusiyanın hərbi infrastrukturuna qarşı uzaqmənzilli hücumların intensivliyini artırmaq niyyətindədir. Xmara bildirib ki, bu əməliyyatlar artıq həyata keçirilir və əvvəlki hücumların nəticələri növbəti addımları razılaşdırmağa imkan verib.
Qeyd edək ki, təxminən 19 kilometr uzunluğunda olan Krım körpüsü şəhəri Kerç boğazı vasitəsilə Rusiya ilə birləşdirir. Körpü həm də Rusiya qoşunlarının təchizatında mühüm marşrut hesab olunur. /globalinfo.az/