Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin, ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında noyabrın 19-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşlə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, o, görüşün Yalta konfransı ilə müqayisə edilməsini reallıqdan uzaq siyasi qiymətləndirmə adlandırıb.
Peskov Moskvada jurnalistlərə açıqlamasında Ukraynadakı vəziyyət, eləcə də liderlərin Çində keçirilməsi gözlənilən görüşləri barədə danışıb.
ABŞ Prezidenti Donald Trampın Putinin Ukraynada daha sərt mövqe tuta biləcəyi ilə bağlı açıqlamasını şərh edən Peskov onunla razılaşdıqlarını bildirib.
“Prezident Trampla razılaşa bilərik, çünki daha sərt davranmaq mümkündür”, – Kremlin sözçüsü deyib.
Rusiyanın Ukraynada daha sərt addımlar atmasının mümkün olub-olmadığı ilə bağlı suala isə Peskov bu məsələnin hərbi rəsmilərə ünvanlanmalı olduğunu söyləyib.
Putin və Tramp arasında ikitərəfli görüş ehtimalına da toxunan Peskov müxtəlif variantların nəzərdən keçirildiyini bildirib. Onun sözlərinə görə, Moskva liderlərin əvvəlcədən razılaşdırılmış ayrıca görüş keçirməsinə üstünlük verir.
“Bizim seçimimiz ayrıca, əvvəlcədən razılaşdırılmış görüşdür. Bu zaman onlar bir saat və ya daha uzun müddət ərzində sakit şəkildə söhbət edə bilərlər”, – Peskov qeyd edib.
Aytən Yaşar/Turkustan.az