Rusiyada terrorun qarşısı alındı: 4 nəfər saxlanıldı, 2-si öldürüldü


Rusiyada Ukrayna xüsusi xidmət orqanlarının hazırladığı genişmiqyaslı terror aktlarının qarşısı alınıb. Əməliyyat nəticəsində dörd nəfər saxlanılıb, silahlı müqavimət göstərən daha iki nəfər isə öldürülüb.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin əvvəlindən həyata keçirilən əməliyyat Maykop, Tixoretsk, Kizlyar və Rostov-na-Donu şəhərlərini əhatə edib.

FTX-nin məlumatına görə, saxlanılan şəxslər Ukrayna xüsusi xidmət orqanlarının tapşırığı ilə diversiya-terror aktları hazırlayıblar. Əməliyyat zamanı istifadəyə hazır döyüş pilotsuz katerləri və zərbə FPV-dronları aşkarlanaraq zərərsizləşdirilib.

Qeyd olunub ki, Ukrayna Təhlükəsizlik Xidməti və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiyada terror aktları törətmək üçün cəlb etdikləri şəxslərə 700 kiloqramdan çox partlayıcı maddə, azı 40 zərbə kvadrokopteri, altı hidrosikl, eləcə də müxtəlif ehtiyat hissələri və xüsusi avadanlıqlar göndərib.

İddialara görə, hidrosikllər partlayıcılarla təchiz edilərək pilotsuz katerlərə çevrilməli, Xəzər dənizində Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə və mülki nəqliyyat vasitələrinə hücum edilməli idi. Adıgey və Krasnodar ərazilərindən isə FPV-dronlarla hərbi aerodromların və strateji əhəmiyyətli obyektlərin hədəfə alınması planlaşdırılırdı.

FTX bildirib ki, 2026-cı ilin noyabrında əməliyyatın son mərhələsinə keçən qrup üzvləri dron və hidrosiklləri döyüş vəziyyətinə gətirərək hücumlara hazırlaşsalar da, onların planları vaxtında ifşa edilib. Hadisə zamanı təhlükəsizlik əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb./publika.az


MANŞET XƏBƏRLƏRİ