Azərbaycanda işçilərə 13-cü maaş veriləcək? – Vacib açıqlama


İlin sonu yaxınlaşdıqca çalışanları maraqlandıran məsələlərdən biri də 13-cü maaş mövzusudur. Bir çox ölkədə tətbiq olunan bu ödəniş Azərbaycanda bütün işçilər üçün qanunla məcburi xarakter daşımır. Onun verilməsi əsasən əmək və kollektiv müqavilələrdəki şərtlərdən, müəssisənin daxili qaydalarından və maliyyə imkanlarından asılıdır. Bəzi neft–qaz müəssisələrində, banklarda və beynəlxalq şirkətlərdə ilin yekunlarına görə əlavə maaş yaxud bonus ödənilsə də, digər sahələrdə çalışanların böyük hissəsi bu imkandan yararlanmır.

13-cü maaş bütün işləyənlər üçün əlçatan olmalıdırmı? Bu ödəniş işçinin əməyinin əlavə qiymətləndirilməsidir, yoxsa sosial təminatın bir forması? İşəgötürənlər üçün əlavə maliyyə yükü yaratmadan belə bir sistemi bütün sahələrdə tətbiq etmək mümkündürmü?

Globalinfo.az-a danışan “Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov deyib ki, bu, əsasən, sovet dövründə mövcud olan mükafatlandırma formalarından biri idi:

“Hazırda dövlət sektorunda, o cümlədən dövlət qulluğunda və büdcə təşkilatlarında belə bir praktika mümkünsüzdür. Çünki dövlət orqanlarında mükafat və əlavə əməkhaqqı anlayışı yaxın vaxtlarda aradan qaldırılıb. Artıq vahid əməkhaqqı sisteminə keçilib. Buna görə də dövlət sektorunda 13-cü, 18-ci ya 30-cu maaş adı altında əlavə mükafatdan söhbət gedə bilməz”.

sahib

Sahib Məmmədov

Hüquqşünas bildirib ki, dövlət kommersiya qurumlarına 13-cü maaşla bağlı hər hansı göstəriş verə bilməz:

“Dövlətin bu sahədə müdaxiləsi əsasən minimum əməkhaqqı tələbi ilə məhdudlaşır. Belə ki, tam iş günü çalışan işçiyə 400 manatdan aşağı əməkhaqqı ödənilə bilməz. Bundan əlavə, əməkdaşlara əlavə maaş və mükafatların verilməsi kommersiya qurumunun öz qərarından asılıdır. Şirkət istəsə, 13-cü, 14-cü, hətta 18-ci maaş da verə bilər. Bu məsələ qanunvericiliklə məcburi qaydada tənzimlənmir. Dövlət sektorunda belə bir imkan nəzərdə tutulmur, kommersiya sektorunda isə qərar vermək müəssisənin öz səlahiyyətindədir”.


MANŞET XƏBƏRLƏRİ