Almaniyanın ən böyük bankı Deutsche Bank-da 15 milyondan çox daxili sənədin sızması geniş rezonans doğurub.
Turkustan.az xəbər verir ki, sənədlərdə bankın keçmiş fəaliyyətindəki qanun pozuntuları, riskli maliyyə əlaqələri, rusiyalı iş adamları, Ceffri Epşteyn və ABŞ Prezidenti Donald Trampla bağlı diqqətçəkən iddialar yer alıb.
Almaniyanın “Der Spiegel” jurnalı da daxil olmaqla, bir sıra beynəlxalq media qurumları sızdırılmış sənədləri araşdıraraq əldə etdikləri məlumatları ictimaiyyətə açıqlayıb.
“Inside Deutsche Bank” adlı beynəlxalq araşdırma çərçivəsində iki ifşaçı tərəfindən təqdim edilən 15 milyondan çox daxili sənəd təhlil olunub. Araşdırmada dünyanın müxtəlif media qurumlarından 200-dən çox araşdırmaçı jurnalist iştirak edib.
Təhlil edilən materiallar arasında elektron məktublar, daxili audit hesabatları, bankın idarə heyətinin iclas protokolları və uyğunluq sənədləri yer alıb.
Sənədlərdə rusiyalı iş adamları ilə əlaqələr, məhkum edilmiş cinsi cinayətkar Ceffri Epşteynlə bağlı şübhəli pul köçürmələri, həmçinin Donald Trampın vergi məlumatlarının gizlədilməsi ilə bağlı iddialar əksini tapıb.

Aytən Yaşar/Turkustan.az