İran Azərbaycan məscidində "məşhur" ermənini... – Tehrandan baş-ayaq addım - FOTO


İranın vitse-prezidenti Seyid Həmid Purməhəmmədi İrəvan xanı Hüseynəli xanın dövründə inşa edilmiş, Azərbaycanın tarixi-mədəni irsinə aid Göy məsciddə erməni əsilli məşhur bəstəkar və dirijor Loris Çknavoryanı mükafatlandırıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası və İranın Ermənistandakı səfirliyi məlumat yayıb.

Mərasimdə İranın məşhur şairi Əbülqasım Firdovsinin “Şahnamə” əsərinin erməni dilinə tərcüməsi təqdim olunub. Tədbir Göy məscidin ərazisində yerləşən İran Mədəniyyət Mərkəzində təşkil edilib.

Əsərin erməni dilinə tərcüməsini Gevorq Asatryan hazırlayıb, Qarnik Asatryan isə redaktə və giriş mətninin müəllifi olub. Tərcümə üzərində iş 2021-ci ildə başlayıb və 2024-cü ilin sonunda tamamlanıb.

Mərasim zamanı İranın vitse-prezidenti Loris Çknavoryana İran hökumətinin fəxri fərmanını şəxsən təqdim edib. Bəstəkar uzunillik yaradıcılıq fəaliyyəti və İranla Ermənistan arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə mükafatlandırılıb.

Çknavoryan Firdovsinin “Şahnamə” əsəri əsasında “Rüstəm və Söhrab” operasını və eyniadlı simfonik süitanı bəstələyib.

Purməhəmmədi çıxışında İran və Ermənistan xalqları arasında tarixi əlaqələrdən danışıb. O, “Şahnamə”nin erməni dilinə tərcüməsini mədəni əməkdaşlığın inkişafı baxımından mühüm hadisə adlandırıb. İran rəsmisi İrəvanda “Şahnamə evi”nin yaradılması təşəbbüsünü də gündəmə gətirib.

Diqqətçəkən məqam tədbirin məhz Azərbaycanın tarixi-mədəni irsinə aid Göy məsciddə keçirilməsidir.

Hüseynəli xan məscidi kimi də tanınan bu tarixi Azərbaycan abidəsi XVIII əsrdə, İrəvan xanı Hüseynəli xanın hakimiyyəti dövründə inşa edilib. İrəvan şəhərinin rəsmi turizm məlumatlarında da məscidin 1766-cı ildə Hüseynəli xan tərəfindən tikdirildiyi qeyd olunur.

Təxminən 7 min kvadratmetr ərazini əhatə edən məscid kompleksi ibadət zallarından, daxili həyətdən, hücrələrdən və minarədən ibarətdir. Sovet hakimiyyəti dövründə bina muzey kimi istifadə olunub. 1990-cı illərdə isə İranın maliyyə dəstəyi ilə bərpa edilib.

Bir daha qeyd edirik ki, Göy məscid Azərbaycan xalqının tarixi, dini və mədəni irsinin ayrılmaz hissəsidir. İrəvan xanlığının memarlıq yadigarı olan bu məscid şəhərin Azərbaycan dövrünə aid mühüm tarixi abidələrindən biridir./Musavat.com

e2176c17-a692-4446-b7d1-2aa23ff9e654.jpg (159 KB)

e2a39112-7894-4540-9ea2-d0eba47d7388.jpg (71 KB)


MANŞET XƏBƏRLƏRİ