“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev: "Milli Parklarda ekoturizmin həddi ekoloji daşıma qabiliyyəti ilə müəyyənləşdirilməlidir"
- Əliməmməd bəy, Milli Parkın hüquqi statusu urbanizasiya, tikinti və digər iqtisadi təzyiqlər qarşısında onu real olaraq qorumağa kifayət edirmi?
- Milli parkın hüquqi statusu ona kifayət qədər ciddi mühafizə imkanı verir. Bu ərazilər respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət əraziləridir və burada torpaqdan, sudan, bitki və heyvanlar aləmindən istifadə adi ərazilərdə olduğu kimi sərbəst həyata keçirilə bilməz. Amma məsələ yalnız status verməklə bitmir. Əsas məsələ həmin statusun necə qorunmasıdır. Milli parkların əraziləri müxtəlif rejimli zonalara bölünür. Bəzi zonalarda ciddi mühafizə rejimi tətbiq olunur, bəzi zonalarda isə məhdud təsərrüfat, turizm və rekreasiya fəaliyyətinə yol verilir. Zonalaşdırma dəqiq və elmi əsaslarla aparılmadıqda, tikinti və iqtisadi maraqlar tədricən mühafizə məqsədini arxa plana keçirə bilər. Ona görə də Milli Parkı real qoruyan təkcə onun adı deyil. Sərhədlərin dəqiqliyi, sanitariya mühafizə zonasının müəyyən edilməsi, tikinti layihələrinin ekoloji qiymətləndirilməsi və qanunsuz müdaxilələrə vaxtında reaksiya verilməsi də çox vacibdir.
- Vətəndaş cəmiyyəti, alimlər və könüllülər Milli Parkların idarə olunmasında daha geniş hüquqi iştirak imkanına malik olmalıdırmı?
-Hesab edirəm ki, vətəndaş cəmiyyəti, alimlər, yerli icmalar Milli Parkların idarə olunmasında daha geniş iştirak etməlidirlər. Qanunvericilik ictimai nəzarətə, ictimai ekspertizaya və təkliflərin verilməsinə hüquqi imkanlar yaradır. Lakin bu iştirak bir çox hallarda məsləhət xarakteri daşıyır və qərarların qəbuluna real təsiri olmur. Daha çox passiv iştirakçılıq burada var, nəinki aktiv iştirakçılıq. Çünki qərarların qəbulunda, hazırlanmasında, icrasında, monitorinqdə iştirak yoxdursa, onu da real iştirakçılığa gətirib çıxartmır. Həm Milli Park üzrə alimlər, ekoloqlar və vətəndaş cəmiyyəti nümayəndələrinin daxil olduğu daimi məsləhət şuralarının yaradılması da faydalı olardı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında ictimai şuralar var və effektiv fəaliyyət göstərir. Amma bütövlükdə hesab edirəm ki, bunun bir qədər də transformasiyasına ehtiyac var. Milli Parkların özlərinin yanında da daimi məsləhət şuralarının yaradılması faydalı olardı. Parkın sərhədləri və zonaların dəyişdirilməsi, iri tikinti və turizm layihələrinin həyata keçirilməsi əvvəlcədən ictimai müzakirəyə çıxarılmalıdır. Verilən təkliflər qəbul edilmişsə, bunun səbəbi də əsaslandırılmalıdır. Könüllülər müşahidə, maarifləndirmə və ekoloji monitorinq işlərinə cəlb edilə bilərlər və cəlb edilməlidirlər. Ancaq növlərin mühafizəsi və nəzarət vasitəsini könüllülərin üzərinə də qoymaq olmaz.
- Milli Parklarda ekoturizmlə təbiətin qorunması arasında hüquqi balans hansı meyarlarla müəyyən edilməlidir?
- Ekoturizmə gəldikdə isə, burada sərhəd çox aydın müəyyən edilmişdir. Ekoturizm təbiəti kommersiya məqsədi ilə yükləmək deyil. Onun əsas mahiyyəti təbiətlə tanışlığın təmin edilməsi üçün ekosistemə minimum təsir göstərməkdir. Əgər turizm fəaliyyəti iri tikintiyə, nəqliyyat sıxlığına, səs-küyə, tullantıların artmasına və biomüxtəlifliyə zərər vurursa, onu sadəcə ekoturizm adlandırmaqla mahiyyət dəyişmir. Amma bu, real ziyana və fəsadlara gətirib çıxarır. Ümumiyyətlə, burada da balans turistlərin tələbatına görə deyil, ərazinin ekoloji daşıma qabiliyyətinə görə müəyyən edilməlidir. Yəni, bəzən elə fikirləşirlər ki, nə qədər çox turist olsa, o balans da pozula bilər. Ümumiyyətlə, balans turistlərə görə müəyyənləşdirilməməlidir. Ərazinin ekoloji daşıma qabiliyyətinə görə bu müəyyən edilməlidir. Əvvəlcə alimlər müəyyən etməlidirlər ki, konkret ərazi hansı həddə qədər ziyarətçi, nəqliyyat və infrastruktur yükünə davam gətirə bilər. Burada real hesablamalar olmalıdır. Yalnız bundan sonra turizm fəaliyyətinə icazə verilməlidir. Nadir heyvanların çoxalma və miqrasiya dövrlərində müəyyən marşrutların bağlanması, ziyarətçilərin sayına limit qoyulması, bəzi ərazilərə girişin məhdudlaşdırılması normal mühafizə tədbiri kimi də qəbul edilməlidir. Burada, hesab edirəm, bir məsələni də nəzərə almaq vacibdir. Layihənin təhlükəsi həmişə onun böyüklüyü ilə ölçülmür. Bəzi ekoloji baxımdan həssas ərazidə kiçik bir obyekt də ciddi zərər yarada bilər. Buna görə də qanunvericilikdə qiymətləndirmə yalnız obyektin tutduğu sahəyə deyil, yerləşdiyi ərazinin xüsusiyyətləri və digər layihələrlə birlikdə yaradacağı ümumi təsirə əsaslanmalıdır. Mənim mövqeyim bundan ibarətdir ki, mən belə düşünürəm ki, Milli Park nə toxunulmaz qoruq kimi tamamilə qapadılmalı, nə də adi istirahət və tikinti ərazisinə çevrilməlidir. Turizm mümkündür, iqtisadi fəaliyyət müəyyən həddə mümkün ola bilər, amma bütün hallarda əsas meyar təbiətin qorunması olmalıdır. İqtisadi marağa uyğun olaraq mühafizə rejimini zəiflətmək yox, yalnız mühafizə rejiminin imkan verdiyi iqtisadi fəaliyyətə yol vermək lazımdır.

Qeyd: Məqalə "Pragma" Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Abşeron Milli Parkında ekoloji təşəbbüslərin dəstəklənməsi" layihəsi çərçivəsində hazırlanıb.