Tramp Körfəz liderlərini toplayır: Böyük plan hazırlanır


ABŞ prezidenti Donald Trampın gələn həftə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Körfəz ölkələrinin liderləri ilə görüşəcəyi gözlənilir.

Turkustan.az xəbər verir ki, “Axios” bu barədə məsələ ilə birbaşa tanış olan üç mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, görüşdə İranla müharibədən sonrakı dövr üçün ABŞ-ın strategiyası və atılacaq növbəti addımlar müzakirə olunacaq. Tramp və administrasiyasının yüksək vəzifəli nümayəndələri müharibənin başa çatdırılması ilə bağlı plan üzərində işləyirlər. Planın ara seçkilərdən sonra yekunlaşdırılması gözlənilir.

Mənbələr Trampın Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin liderləri və ya xarici işlər nazirləri ilə görüşəcəyini bildiriblər. Şuraya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, Küveyt və Oman daxildir.

Ağ Ev məlumatla bağlı şərh verməyib.

“Axios”un məlumatına görə, İsrailin Baş naziri Binyamin Netanyahu da Nyu-Yorkda Tramp ilə görüşmək istəyir. Lakin İsrail rəsmisi belə bir görüşün hələlik planlaşdırılmadığını bildirib.

Tramp son açıqlamasında İranın razılaşma əldə etmək istədiyini və bu barədə məlumatı birbaşa Tehrandan aldıqlarını iddia edib. ABŞ prezidenti, “Ümid edirəm ki, müharibənin sonuna yaxınlaşırıq”, - deyə bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ