Suriya prezidenti Əhməd Şara bildirib ki, keçmiş rejimin devrilməsi təkcə Suriya üçün deyil, bütün region üçün zəruri idi.
Turkustan.az xəbər verir ki, Qətərdə yerləşən "Əl-Cəzirə" televiziyasına müsahibə verən Şara deyib ki, Suriya minilliklər boyu formalaşmış etnik və dini müxtəlifliyi ilə seçilən bir ölkədir və bu zənginlik onun əsas xüsusiyyətlərindən biridir.
Prezident qeyd edib ki, Qolan təpələrinə bağlılıq hissi onda uşaqlıq illərindən ailəsində və yaşadığı mühitdə eşitdiyi hekayələr sayəsində formalaşıb.
Şara siyasi və ideoloji baxışlarının ərəb xalqlarının problemlərinə diqqət yetirən ərəb millətçiliyi ideyalarının təsiri altında formalaşdığını bildirib. Onun sözlərinə görə, bu yanaşma ilə İslam düşüncəsi arasında ortaq dəyərlər mövcuddur.
İslam dini ilə tarix boyu yaranmış müxtəlif dini təcrübələrin fərqləndirilməsinin vacibliyini vurğulayan Şara deyib: "Biz İslamı onun müxtəlif fikir və şərhlərini əks etdirən təcrübələrdən ayırırıq".
Aytən Yaşar/ Turkustan.az