Rusiya Telegram-ın qurucusu və baş direktoru Pavel Durovu terrorçular və ekstremistlər siyahısına daxil edib.
Turkustan.az xəbər verir ki, Rusiya Federasiyasının Maliyyə Monitorinqi Xidmətinin (Rosfinmonitoring) rəsmi saytında dərc olunan məlumata görə, Durovun adı terrorçular və ekstremistlər reyestrinə əlavə olunub.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) isə bildirib ki, Pavel Durov "terror fəaliyyətinə yardım göstərmək" ittihamı ilə təqsirləndirilir. Qurum onun barəsində beynəlxalq axtarış və həbs qərarının çıxarıldığını açıqlayıb.
Qeyd edək ki, Telegram daha əvvəl Rusiyada bloklanmış, platformaya müxtəlif qanun pozuntularına görə ümumilikdə 100 milyon rubldan çox cərimə tətbiq edilmişdi.
Kremlin sözçüsü Dmitri Peskov iyulun 27-də verdiyi açıqlamada Telegram-ın Rusiyada tam fəaliyyətinin bərpası ilə bağlı danışıqların davam etdiyini, lakin şirkət nümayəndələrinin bu prosesdə kifayət qədər fəallıq göstərmədiyini bildirmişdi.
Telegram hazırda Rusiyada ən çox istifadə olunan mesajlaşma və sosial şəbəkə platformalarından biri hesab olunur.
Aytən Yaşar/ Turkustan.az