ABŞ Prezidenti Donald Tramp İordaniyada yerləşən ABŞ qüvvələrinə edilən hücumlara cavab olaraq İrana qarşı "çox sərt" tədbirlər görüləcəyini bəyan edib.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə Fox News telekanalına telefonla verdiyi müsahibədə danışıb.
ABŞ lideri İordaniyadakı Amerika hərbi bazasına hücuma toxunaraq bildirib:
"Biz onları məhv edəcəyik. Onlara çox ağır zərbələr endirəcəyik. Bunun bədəlini ağır ödəyəcəklər."
Trampın sözlərinə görə, ABŞ qüvvələrinin İranın raket hücumuna cavab vermək üçün cəmi bir neçə dəqiqə vaxtı olub və raketlər hədəflərinə çatmadan zərərsizləşdirilib.
O, həmçinin gecə saatlarında ABŞ və Səudiyyə Ərəbistanının İraqda İranın dəstəklədiyi şiə silahlı qruplarına qarşı həyata keçirdiyi birgə hava əməliyyatına da toxunub. Tramp bildirib ki, həmin zərbələr İraq hökuməti ilə koordinasiya şəraitində həyata keçirilib.
Şiə silahlı qruplarını "dünya üçün xərçəng" adlandıran Tramp, İranın dəstəklədiyi qruplaşmalara qarşı əlavə tədbirlərin də nəzərdən keçirildiyini qeyd edib.
ABŞ Prezidenti ötən gün Ağ Evdə İsrailin Baş naziri Binyamin Netanyahu ilə keçirdiyi görüşü də dəyərləndirib.
"Bu, əla görüş idi. O, indi vəziyyəti başa düşür", – deyə Tramp bildirib.
Aytən Yaşar/ Turkustan.az