İraqdan ABŞ və Səudiyyə Ərəbistanına sərt etiraz: Suverenliyimiz pozulub


İraq hökuməti ABŞ və Səudiyyə Ərəbistanının ölkənin müxtəlif bölgələrində yerləşən bir neçə Haşd əl-Şəabi obyektinə endirdiyi hava zərbələrini kəskin şəkildə pisləyib və İraq ərazisinin regional qarşıdurmalar üçün "döyüş meydanına" çevrilməsinə qarşı xəbərdarlıq edib.

Turkustan.az xəbər verir ki, bu barədə İraq Prezident Aparatının yaydığı rəsmi bəyanatda bildirilib.

Bəyanatda qeyd olunub ki, Haşd əl-Şəabiyə məxsus qərargahların hədəfə alınması, nəticədə üzvlərin həlak olması və yaralanması qəbuledilməzdir.

"Bu hücum İraqın suverenliyinin açıq şəkildə pozulması və ölkənin rəsmi təhlükəsizlik qurumlarının hədəfə alınması deməkdir. Bu cür addımlar beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir", – deyə bəyanatda vurğulanıb.

Bağdad administrasiyası bir daha bəyan edib ki, İraq ərazisinə qarşı istənilən hücumu qətiyyətlə rədd edir və ölkə ərazisinin nə qonşu dövlətlərə qarşı hücumlar üçün istifadə olunmasına, nə də regional və beynəlxalq münaqişələrin döyüş meydanına çevrilməsinə imkan verməyəcək.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ