İnsan beyninin atlası yaradıldı: bu günə qədər ən ətraflı tədqiqat


Hindistanda fəaliyyət göstərən tədqiqatçılar insan beyin kötüyünün indiyədək hazırlanmış ən ətraflı üçölçülü (3D) atlasını hazırlayıblar.

Turkustan.az xəbər verir ki, BBC-nin məlumatına görə, Sudha Gopalakrishnan Beyin Mərkəzinin (SGBC) alimləri 3D rekonstruksiya texnologiyasından istifadə edərək insan beyin kötüyünün neyrokimyəvi xüsusiyyətlərini əks etdirən ANCHOR adlı rəqəmsal atlası hazırlayıblar.

18 ay davam edən araşdırmada 20 alim maqnit-rezonans tomoqrafiyası (MRT) görüntüləri, mikroskopik anatomik məlumatlar və digər analizləri vahid rəqəmsal platformada birləşdirib. Tədqiqat çərçivəsində döl, uşaq və yetkin insan beyinlərindən götürülmüş 500-dən çox toxuma nümunəsi analiz edilərək insan beyin kötüyünün ən ətraflı 3D modeli yaradılıb.

Rəqəmsal atlas vasitəsilə 200-dən çox beyin hüceyrəsi klasterini və sinir yollarını yüksək dəqiqliklə araşdırmaq mümkündür. Bu texnologiya həm bütöv beynin, həm də ayrı-ayrı sinir hüceyrələrinin daha dərindən öyrənilməsinə imkan yaradır.

Alimlər bildirirlər ki, beyni onurğa beyni ilə birləşdirən, nəfəsalma, ürək döyüntüsü, yuxu, oyaqlıq və hərəkət kimi həyati funksiyaları tənzimləyən beyin kötüyünün daha ətraflı öyrənilməsi Alzheimer, Parkinson və insult kimi nevroloji xəstəliklərin mexanizmlərinin daha yaxşı başa düşülməsinə töhfə verə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ