ABŞ və İran arasında gərginliyin yenidən artdığı bir vaxtda ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, Fox News-un "Fox & Friends" proqramına telefon bağlantısı ilə qoşulan Tramp bildirib ki, ABŞ Hörmüz boğazına nəzarəti öz üzərinə götürə bilər.
"Biz boğazı qoruyacağıq və çox güman ki, ona nəzarət edəcəyik. Biz onun qoruyucuları olacağıq. Bəlkə də özümüzü 'boğazın qoruyucu mələyi' adlandıracağıq", – deyə Tramp bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Vaşinqtonun bu strateji su yolunun təhlükəsizliyini təmin etməsi qarşılığında ödəniş alması məqsədəuyğundur.
"Bizim bir razılaşmamız var idi və İran onu pozdu. Hörmüz boğazının qorunmasına görə ödəniş alacağıq", – deyə, Tramp vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az