ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ən azı iki digər kəşfiyyat qurumunun sistemlərinin kiberhücuma məruz qaldığı məlum olub.
Turkustan.az xəbər verir ki, qurumların açıq mənbəli kəşfiyyat sistemlərini hədəf alan hücumda süni intellekt əsaslı proqram təminatından istifadə edildiyi bildirilir. Təhlükəsizlik pozuntusunun MKİ ilə yanaşı, Milli Geoməkan Kəşfiyyatı Agentliyi (NGA) və Milli Kəşfiyyat Direktoru Ofisinin (ODNI) sistemlərində aşkar edildiyi, nəticədə bəzi qeyri-məxfi məlumatların sızdığı qeyd olunur.
Hücum edənlərin kimliyi və ələ keçirilən informasiyaların həcmi araşdırılarkən, ilkin nəticələr hakerlərin çinli mühəndis tərəfindən hazırlanmış süni intellekt proqramından yararlanmış ola biləcəyini göstərir. Məsələdən xəbərdar olan mənbələr sistemdəki boşluğun artıq aradan qaldırıldığını və məxfi məlumatlara zərər dəymədiyini açıqlayıblar.
Kəşfiyyat orqanlarına edilən bu müdaxilə ABŞ-nin təhlükəsizlik qurumları, bankları, texnologiya şirkətləri və hava nəqliyyatının idarə olunması sistemlərində ardıcıl kəsintilərin yaşandığı dövrə təsadüf edib. Tramp administrasiyası son həftələrdəki sistem nasazlıqlarının əlaqələndirilmiş kiberhücumla deyil, əsasən proqram təminatı yeniləmələri ilə bağlı olduğunu bildirsə də, federal agentliklərə qarşı kiberhücumlarla bağlı istintaq davam etdirilir.
Aytən Yaşar/ Turkustan.az