ABŞ-ın Missisipi ştatı sahillərində kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq da daxil olmaqla altı nəfər həlak olub.
Turkustan.az xəbər verir ki, ABŞ Sahil Mühafizəsinin sözçüsü Xuan Ros bildirib ki, “Cessna 210” tipli kiçik təyyarə Missisipi sahillərində dənizə düşüb.
Ros təyyarənin qalıqlarının aşkarlandığını və dağıntılar arasından 8 və 10 yaşlı iki uşağın, eləcə də dörd yetkin şəxsin cəsədinin çıxarıldığını bildirib.
Dünya üzrə uçuş məlumatlarını izləyən “FlightAware” platformasının məlumatına görə, təyyarə Luiziana ştatının Yeni Orlean şəhərindən Florida ştatının Fort Mayers şəhərinə uçurmuş.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmaya başlayıb.
Aytən Yaşar/ Turkustan.az