İrlandiya prezidentinin bacısı, doktor Marqaret Konnolli “Sumud” donanmasında bir gəmidə saxlanılıb və hazırda İsrailə aparılır.
Turkustan.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.
Nəşrin qeyd etdiyinə görə, doktor Konnolli Qəzzaya doğru hərəkət edən və Kipr sahillərində İsrail tərəfindən saxlanılan “Sumud” humanitar donanmasının göyərtəsindəki azı altı İrlandiya vətəndaşından biridir.
![]()
“Reuters” agentliyinin məlumatına görə, mayın 18-də İsrail qüvvələri beynəlxalq sularda ən azı 28 qayığı ələ keçirib.
“Sumud” missiyası isə ələ keçirilən gəmilərlə əlaqənin kəsildiyini bəyan edib.
İsrail Xarici İşlər Nazirliyi bu donanmanı “təxribat” adlandırıb və gəmilərin göyərtəsində heç bir humanitar yardımın olmadığını iddia edib.
“Bu donanmanın bir hissəsi olduğum üçün çox qürur duyuram. Bu, bu günə qədər olan ən böyük missiyadır və biz Qəzza əhalisinə çox ehtiyac duyulan kömək və tibbi ləvazimatları çatdırmaq üçün humanitar dəhliz açmağa gedirik. Bir ana, həkim və bir insan olaraq bu donanmaya kömək etmək üçün böyük bir istək hiss edirəm”, - deyə doktor Konnolli “Sumud” tərəfindən yayımlanan videomüraciətində bildirib.

İrlandiya tərəfi rəsmi şəxslərin “Sumud qlobal donanması ilə bağlı vəziyyəti aktiv şəkildə izlədiyini” və aidiyyəti qurumlarla əlaqədə olduğunu bəyan edib.
Hakimiyyət orqanlarının açıqlamasında qeyd olunub ki, “zərərçəkmiş İrlandiya vətəndaşlarına” lazımi konsulluq yardımı göstəriləcək.
Qeyd edək ki, bundan əvvəl də İsrail hərbçiləri humanitar yardım daşıyan və göyərtəsində təxminən 175 fəalın olduğu 20 gəmidən ibarət digər bir donanmanı Qəzza zolağına çatmamış saxlayıb./Musavat.com