BƏƏ İranla müharibəyə hazırlaşır?


Birləşmiş Ərəb Əmirlikləri İranla mümkün müharibənin iqtisadi nəticələrinə qarşı önləyici addımlar atır.

Turkustan.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, Birləşmiş Ərəb Əmirlikləri İranla mümkün hərbi qarşıdurma ssenarisi fonunda ABŞ ilə maliyyə dəstəyi məsələsini müzakirə etməyə başlayıb.

Məqalədə bildirilir ki, BƏƏ Mərkəzi Bankının rəhbəri Xalid Məhəmməd Balama ABŞ-nin maliyyə naziri Skott Bessentlə valyuta svop xəttinin yaradılması imkanlarını müzakirə edib.

Nəşrin yazdığına görə, Əmirliklərdə narahatlıq var ki, regionda gərginliyin artması ölkə iqtisadiyyatına zərbə vura, investorları uzaqlaşdıra, valyuta ehtiyatlarını azalda və Hörmüz boğazı üzərindən neft tədarükünü poza bilər.

Qeyd olunur ki, hələlik rəsmi müraciət edilməyib və danışıqlar daha çox qabaqlayıcı tədbir xarakteri daşıyır.

WSJ vurğulayır ki, dollar likvidliyində problem yaranarsa, BƏƏ alternativ valyutalara, o cümlədən Çin yuanına yönələ bilər. Bu isə neft ticarətində dolların mövqeyinə təsir göstərə biləcək amil kimi qiymətləndirilir.

Beləliklə, Körfəz regionunda mümkün hərbi risklər təkcə təhlükəsizlik deyil, qlobal maliyyə və enerji bazarları baxımından da diqqətlə izlənir./Musavat.com


MANŞET XƏBƏRLƏRİ