Türkiyə Livana 38 konteyner humanitar yardım göndərdi


Türkiyənin İsrail hücumları nəticəsində didərgin düşmüş Livan ailələrinə göndərdiyi 360 tonluq humanitar yardım paytaxt Beyruta çatıb.

Turkustan.az xəbər verir ki, Sadakataşı Dərnəyinin rəhbərliyi altında, İnsan Hüquqları və Azadlıqları (İHH) Humanitar Yardım Fondu, Yetimlər Fondu və Dünya Uşaqları Assosiasiyasının ianələri ilə hazırlanmış 38 konteyner humanitar yardım daşıyan gəmi Beyrut Limanına lövbər salıb.

360 tonluq yardıma yorğanlar, döşəklər, yastıqlar, yataq torbaları, çadırlar, ərzaq bağlamaları və təcili yardım dəstləri daxildir.

Türkiyədən göndərilən yardımların Livan Yüksək Yardım Komitəsi vasitəsilə ən qısa müddətdə məcburi köçkün ailələrinə çatdırılması planlaşdırılır.

Beyrut Limanında keçirilən qarşılanma mərasimində Türkiyənin Beyrutdakı səfiri Murat Lütəm, Samir Haddara, Livan Baş nazirinin müavini Tariq Mitrinin nümayəndəsi, İnzibati İnkişaf naziri Fadi Mekki, İctimai İşlər və Nəqliyyat naziri Fayiz Rasmani, Parlament üzvü Bilal Abdullah, Livan Yüksək Yardım Komitəsinin baş katibi Bəssam Nabulsi və çoxsaylı digər qonaqlar iştirak ediblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ