Ermənistan və Rusiya hərbi-texniki sahədə əldə edilmiş razılaşmaların icrasını davam etdirmək barədə razılığa gəliblər. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan brifinqdə jurnalistlərə bildirib. “Rusiya ilə bizim hərbi-texniki əməkdaşlığımız var idi, bir mərhələdə bu əməkdaşlıq əhəmiyyətli dərəcədə azalmışdı və ya dayanmışdı”, - Paşinyan deyib. Onun sözlərinə görə, Moskvaya son səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüş çərçivəsində “hərbi-texniki əməkdaşlıq sahəsində əvvəl əldə olunmuş razılaşmaların icra edilməsi” barədə razılıq əldə olunub.
Söhbət konkret hansı silahlardan gedir? Bəs Azərbaycanın son illər aldığı silahlar sırasında arasında Rusiya silahı da varmı?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Ermənistanla Rusiyanın silah alış-verişi üçün əvvəldən müqaviləsi var idi:
“TOR, BUQ, S-300-lərin, həmçinin SU-30 təyyarələrinin Ermənistana satılması haqqında razılaşma var idi. Lakin bu razılaşmanın icrası müvəqqəti dayandırılmışdı. SU-30 sırf Rusiya istehsal edən təyyarələrdir, SU-30 MK isə Hindistan istehsalıdır. Ermənistan Rusiyadan köhnə silahlar üçün, məsələn, toplar və digər qurğular üçün mərmilər əldə edir. Bu barədə də razılaşmanın icra dayandırılmışdı, bərpa olundu. Paşinyanla Putin arasında silahlarla bağlı razılaşma Ermənistan cəmiyyətinə, Avropaya, ABŞ-yə mesaj da hesab oluna bilər”.
Azərbaycanın Rusiyadan hansı silahlar almasına gəlincə, ekspert qeyd edib ki, Azərbaycanda rus istehsalı çoxlu silahlar var:
“BMP-lər, tanklar, helikopterlər, təyyarələr və digər silah növlərindən danışa bilərik. Bizim əməkdaşlıq etməməyimiz mümkünsüzdür. Silahlar əldə etmək və silahlara xidmət etmək üçün əməkdaşlıq edirik. Ehtiyat hissələrini, mərmiləri təbii ki, Rusiyadan alırıq. Bu, tamamilə təbiidir”.