ABŞ və İran arasında Pakistanda keçirilməsi planlaşdırılan ikinci danışıqlar raundu ilə bağlı qeyri-müəyyənlik davam edərkən, İran Prezidenti Məsud Pezeşkian diqqətçəkən açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, o, diplomatiyanın vacibliyini vurğulayaraq müharibənin heç bir tərəfə fayda gətirmədiyini bildirib.
İranın rəsmi xəbər agentliyi IRNA-nın məlumatına görə, Ədliyyə Nazirliyinə səfəri zamanı çıxış edən Pezeşkian deyib: “Müharibə heç kimin xeyrinə deyil. Təhdidlər qarşısında gərginliyi azaltmaq üçün bütün rasional və diplomatik vasitələrdən istifadə olunmalıdır”.
Pezeşkian regional və beynəlxalq proseslərə rasional yanaşmanın vacibliyini qeyd edib, ABŞ və İsrailə qarşı ehtiyatlı və ayıq mövqenin qorunmasının önəmini vurğulayıb.
İran prezidenti İslam ölkələri arasında həmrəyliyin əhəmiyyətinə toxunaraq bildirib ki, xarici müdaxilələrə qarşı ən təsirli yol birlik və koordinasiyalı fəaliyyətdir: “Bu proses yalnız həmrəylik, səmimiyyət və birgə iştirakla dəf oluna bilər”.
Aytən Yaşar/ Turkustan.az