Nəyə yatırım etməli?


Çinarə Ağayeva
Biznes məsləhətçi

Qlobal iqtisadi qeyri-müəyyənlik, inflyasiya təzyiqləri və regional bazarlardakı dəyişkənlik fonunda investorları bir sual maraqlandırı: Mövcud kapitalı harada qorumaq və artırmaq daha məqsədəuyğundur? Azərbaycanda fərdi və institusional investorların seçimləri genişdir. Belə ki, daşınmaz əmlakdan tutmuş maliyyə alətlərinə qədər seçim etmək imkanları var. Hər bir istiqamətin üstünlükləri və riskləri fərqlidir və optimal seçim investorun məqsədindən, risk iştahından və zaman üfüqündən asılıdır.
Mənzil və biznes obyektləri ənənəvi olaraq Azərbaycanda ən populyar sərmayə alətlərindən sayılır. Mənzil bazarı xüsusilə uzunmüddətli qoruma vasitəsi kimi cəlbedicidir. Əsas üstünlük inflyasiyaya qarşı müəyyən qoruma və kirayə gəliri imkanlarıdır. Lakin bu sahənin çatışmazlıqları da var. Məsələn, likvidlik aşağıdır, yəni əmlakı tez satmaq çətin ola bilər. Bundan əlavə, qiymət artımı əvvəlki illərlə müqayisədə daha sabit və məhdud ola bilər. Biznes obyektləri isə daha yüksək gəlir vəd etsə də, iqtisadi aktivlikdən birbaşa asılıdır və risk səviyyəsi daha yüksəkdir. Qızıl ənənəvi olaraq böhran dövrlərində investorların sığındığı aktivdir. O, valyuta risklərindən qoruyur və uzunmüddətli perspektivdə dəyərini saxlayır. Amma qızıl passiv alətdir dividend və ya faiz gəliri gətirmir. Qazanc yalnız qiymət artımı ilə mümkündür ki, bu da qısamüddətli dövrdə dəyişkən ola bilər. Xarici valyutalara yatırım etmək, xüsusilə dollar və avro almaq investisiya portfelinin diversifikasiyası baxımından önəmli ola bilər. Lakin valyuta investisiyası gəlir gətirən aktiv deyil. Əgər məzənnə sabit qalarsa, faktiki qazanc əldə olunmur. Bundan əlavə, məzənnə dəyişikliklərini proqnozlaşdırmaq çətindir.
Səhmlər isə perspektivdə ən yüksək gəlir gətirə bilən alətlərdən biridir. Xüsusilə inkişaf etmiş bazarlarda diversifikasiya edilmiş portfel ciddi qazanc verə bilər. Amma bu bazar bilik və təcrübə tələb edir. Qısa müddətdə ciddi itkilər də mümkündür. Yerli investorlar üçün əsas çətinliklərdən biri də bazarlara çıxış və düzgün aktiv seçimi məsələsidir.
Bank depozitləri ən aşağı riskli alətlərdən biridir. Əmanətlərin sığortalanması sistemi investor üçün əlavə təhlükəsizlik yaradır. Bununla belə, faiz dərəcələri çox vaxt inflyasiyanı tam kompensasiya etmir. Yəni real gəlir aşağı və ya hətta mənfi ola bilər.
Mövcud şəraitdə optimal strategiya diversifikasiyadır. Yəni kapitalın müxtəlif aktivlər arasında bölüşdürülməsi riskləri azaldır və gəlir imkanlarını balanslaşdırır. Məsələn, uzunmüddətli sabitlik üçün daşınmaz əmlak, risklərin sığortası üçün qızıl və valyuta, yüksək gəlir potensialı üçün səhmlər, likvid ehtiyat üçün isə bank əmanətləri ən uyğun seçimdir. Əsas məsələ investorun məqsədini düzgün müəyyənləşdirməsidir. Çünki hazırkı iqtisadi reallıq bir daha göstərir ki, uğurlu investisiya tək bir seçimdən yox, düşünülmüş strategiyadan asılıdır.


MANŞET XƏBƏRLƏRİ