NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla görüşüb. Tramp Alyansın İranla müharibədə ABŞ-a dəstək verməməsinə görə narazılığını bildirib.
Maraqlıdır ki, Tramp görüşdən əvvəl ABŞ-ın NATO-dan çıxma ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi. Lakin Rutte görüşdən sonra jurnalistlərin bu barədə sualını cavabsız qoyub. Bəzi analitiklərin fikrincə, ABŞ-ın NATO-dan çıxmasından sonra Alyansda əsas hərbi güc Türkiyə olacaq.
NATO ilə ABŞ arasında Qrenlandiya məsələsindən sonra yaranan çatlar dərinləşəcək, yoxsa normallaşma olacaq? ABŞ-ın alyansı tərk etməsi NATO və yeni dünya düzəni üçün nə deməkdir?
Globalinfo.az-a danışan politoloq Vaqif Hüseyn deyib ki, ABŞ-ın NATO-nu tərk etməsi Alyansın süqutu deməkdir:
“Çünki NATO-nu elə ABŞ yaradıb. Məqsəd də rəsmi Vaşinqtonun hərbi gücünü qlobal miqyasda göstərmək idi. Ona görə də ABŞ-ın belə bir qərar verməsi ağlasığmaz bir hadisədir.
Fikrimcə, bu, daha çox Trampın həmişəki şantajlarıdır. ABŞ-ın milli təhlükəsizliyini Avropasız təsəvvür etmək olmaz. Tramp NATO xərclərinin müttəfiqlər tərəfindən yenidən, daha ədalətli bölüşdürülməsini istəyir. Müttəfiqlər isə ABŞ-ın lider ölkə kimi öhdəlikləri yerinə yetirməsini tələb edirlər.

Vaqif Hüseyn
ABŞ-ın NATO-nu tərk etməsi dünyanı Birinci Dünya müharibəsindən öncəki vəziyyətə sala bilər. Yəni planet miqyasında böyük bir silahlanmanın şahidi ola bilərik. Bunun nəticəsi isə elə dünya müharibəsi deməkdir.
Qrenlandiya məsələsində Vaşinqtonun mövqeyi “nə isə verirəmsə, nə isə də almalıyam” tərzindədir. Bu düşüncə Avropada yoxdur, yəni Qərbdə bunu qəbul etmək çətindir.
O ki qaldı Türkiyəyə, Ankara NATO-da ciddi gücə malikdir. Lakin ABŞ-ın yerinə keçməsi çox çətindir. Türkiyə bu yükün altına girsə də, öhdəsindən çətin ki, gəlsin”.