Zaman azaldıqca İsrail mətbuatı mümkün ssenarilər haqqında yazdı


ABŞ prezidenti Donald Trampın İrana verdiyi son tarixə saatlar qalmış regionda gərginlik daha da artıb.

Turkustan.az xəbər verir ki, İsrail mediası qarşıdakı 24 saatın müharibənin gedişatını müəyyən edəcək həlledici mərhələ olduğunu bildirir.

Tramp Tehrana çərşənbə axşamı gününün sonuna qədər razılaşma üçün vaxt verib və əks halda sərt nəticələr olacağı barədə xəbərdarlıq edib. Bu fonda hərbi eskalasiya ehtimalı geniş müzakirə olunur.

İsrailin 12-ci Kanalı mənbələrə istinadən qeyd edir ki, qərarın İran rəhbərliyi tərəfindən qəbul edilməsi halında atəşkəs mümkün ola bilər. Lakin ölkənin idarəetmə mexanizmləri ilə bağlı qeyri-müəyyənliklər prosesi çətinləşdirir.

Eyni zamanda, Tramp administrasiyası həm daxili təzyiqlərlə, həm də müharibənin qlobal iqtisadiyyata təsirləri ilə üz-üzədir. İranın Hörmüz boğazında tətbiq etdiyi məhdudiyyətlər enerji bazarlarında qeyri-sabitliyi artırır və neft-qaz qiymətlərinin yüksəlməsinə səbəb olur.

“Israel Hayom” qəzeti yazır ki, Vaşinqton güzəştlərə gedərsə, ABŞ və İran arasında razılaşma mümkündür. Bununla belə, İsrail rəhbərliyində belə bir razılaşmanın İrana vaxt qazandıra biləcəyi ilə bağlı narahatlıqlar mövcuddur.

İsrailin əsas hədəfləri kimi İranın nüvə proqramına zərbə vurmaq, hərbi imkanlarını zəiflətmək və daxili dəyişikliklərə şərait yaratmaq göstərilir.

Mövcud vəziyyətdə əsas ssenarilər bunlardır: son anda razılaşma, atəşkəs, genişmiqyaslı müharibə və ya enerji infrastrukturuna hücumların artması.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ