Təhdidlər artdıqca İran ABŞ-ın üzünə bütün qapıları bağladı


İranla bağlı 39 gündür davam edən müharibənin gedişi bütün dünyada diqqətlə izlənilir və Yaxın Şərqdə gərginlik getdikcə artır.

Turkustan.az xəbər verir ki, tərəflər arasında qarşılıqlı raket hücumları və sərt bəyanatlar diqqət mərkəzindədir.

ABŞ prezidenti Donald Tramp verdiyi açıqlamada bildirib: “Bu gecə böyük bir sivilizasiya məhv ediləcək və heç vaxt bərpa olunmayacaq”. Buna cavab olaraq İran İnqilab Keşikçiləri “Əgər ABŞ qırmızı xətləri keçərsə, cavabımız regiondan kənara çıxacaq” bəyanatı ilə çıxış edib.

Təhdidlərin artması fonunda İran ABŞ ilə bütün diplomatik əlaqələri dayandırdığını açıqlayıb.

Bu arada, ABŞ və İsrailin İranın Zəncan şəhəri yaxınlığında yerləşən dəmir yolu körpüsünə hücum etdiyi bildirilir. İran dövlət televiziyasının Zəncan valiliyinə istinadən yaydığı məlumata görə, Tehrandan 335 kilometr məsafədə, Zəncan ilə Miyane arasında yerləşən Əminabad ərazisindəki dəmir yolu körpüsünə zərbə endirilib. Hücum nəticəsində dəmir yolu xəttinə ziyan dəyib.

Məlumatlara görə, Qum şəhəri yaxınlığındakı bəzi ərazilər də hədəfə alınıb.

İranda mülki infrastruktura yönəlmiş hücumların davam etdiyi bir vaxtda, İsrail ordusu İranın dəmir yolu infrastrukturunu hədəf alacağını açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ