Türkiyənin İstanbul şəhərində yerləşən İsrailin Baş Konsulluğuna silahlı hücumu həyata keçirən terrorçiların kimliyi məlum olub.
Turkustan.az-ın NTV-yə istinadə xəbərinə görə, bunlar Onur Ç., Enes Ç. və Yunus E.S.-dir.
Təhlükəsizlik qüvvələri ilə atışmada terrorçu Yunus E.S. öldürülüb. Digər ikisi ilə tutulub.
Yunus E.S və Onur Ç. əvvəlki dövrlərdə narkotiklə bağlı cinayət məsuliyyətinə cəlb olunublar.
İstintaq və kəşfiyyat qurumlarının məlumatına görə, İŞİD üzvü olan üç terrorçu arasında çox intensiv rəqəmsal ünsiyyət mövcud olub və planlaşdırılan əməliyyatlar haqqında məlumatlar bu kanallar vasitəsilə mübadilə edilib.
Polis indiyə qədər 2 şübhəlini Etiler bölgəsində saxlayıb. Şübhəlilərin hadisə yerində olduqları və ərazidə öncədən araşdırma apardıqları ehtimal olunur. Məlumatlara görə, saxlanılan şübhəlilərdən biri terrorçulardan birinin qohumudur.
Silahlı qarşıdurma təxminən 10 dəqiqə davam edib. Saat 12 radələrində başlayan hadisədə polislərə atəş açan 3 terrorçudan biri öldürülüb, digərləri yaralı vəziyyətdə tutulub. Qarşıdurma zamanı 2 polis xəsarət alıb.
NTV xəbər verir ki, şübhəlilər hadisə yerinə kamuflyaj geyimində və uzun namlulu silahla gəliblər. Onların arxasında bel çantaları da olub. Polis hadisə ilə bağlı bütün təfərrüatları araşdırır və mümkün əlaqəli şəbəkələri müəyyən etməyə çalışır./“Yeni Sabah”