Hərbi eskalasiya qaçılmazdır: İrana qarşı yeni ssenari


“İranla bağlı tələblər qarşılanmayacağı təqdirdə ABŞ və İsrailin İranda bəzi infrastrukturları, elektrik stansiyalarını hədəf alacağı ehtimal olunur”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə ABŞ rəhbərliyinin bununla bağlı açıqlamaları gündəmə gəlmişdi:

“Tehran-Kərəc yolunda körpünün vurulması da ciddi siqnal sayıla bilər. Belə məqamda tərəflər arasında danışıqların bərpa olunması çox çətin olacaq”.

Onsuz da region üçün ciddi problemlər yarandığını deyən O.Qasımovun sözlərinə görə, İran tərəfi nə qədər özünümüdafiə hüququndan danışsa da, Küveytdə neft emalı zavodu ilə bərabər həm də suyun duzsuzlaşdırılması zavodu vuruldu:

“Bu, hərbi yox, mülki obyektdir və əhalinin susuzluqla sınağa çəkilməsi, humanitar böhran yaradılması cəhdidir”.

Oqtay Qasımov: ABŞ-nin məqsədi İranın ballistik raket sistemlərini də sıradan çıxartmaqdır

Həmsöhvətimiz hesab edir ki, tərəflər razılaşma əldə etmədiyi təqdirdə hərbi eskalasiyanın miqyası genişlənəcək. Onun fikrincə, ABŞ İranın infrastrukturlarına ciddi zərbələr endirməyə çalışacaq:

“Çünki Vaşinqton İranla bağlı öz hədəflərinə çatmayıb. Əsas məqsəd İranda rejimin dəyişdirilməsi və orada sözəbaxan bir hakimiyyətin qurulması, İranın nefti üzərində nəzarətin olmasıdır”.

“Eyni zamanda İranın ballistik raket sistemlərini də böyük ölçüdə sıradan çıxartmaqdır. Ehtimala görə, İranın ballistik raketlərinin təxminən 35-40 faizi zərərsizləşdirilib”, - deyə Oqtay Qasımov əlavə edib.


MANŞET XƏBƏRLƏRİ