İran ordusu İsrailin cənubundakı Negev səhrasında yerləşən strateji sənaye obyektlərinə və zavodlara qarşı genişmiqyaslı raket hücumu həyata keçirib.
Turkustan.az xəbər verir ki, İranın hökumət mediası və SEPAH-a yaxın mənbələr Negev bölgəsindəki poladəritmə zavoduna və ammonyak anbarına dəqiq zərbələr endirildiyini iddia edirlər.
İsrail mediası Negevdəki sənaye zonasına raket düşməsi faktını təsdiqləsə də, rəsmi Təl-Əviv hələlik dağıntıların miqyası və itkilər barədə geniş məlumat verməkdən yayınıb. İlkin məlumatlara görə, ballistik raketlərdən biri Arad və Dimona yaxınlığındakı sənaye mərkəzində yerləşən ammonyak anbarını hədəf alıb ki, bu da bölgədə kütləvi kimyəvi zəhərlənmə riski yaratdığı üçün İsrailin mülki müdafiə qüvvələrini yüksək hazırlıq vəziyyətinə gətirib.
Martın 29-na keçən gecə İran və Yəmən tərəfindən koordinasiya edilən hücumlar zamanı İsrailin 40-a yaxın müxtəlif nöqtəsi, o cümlədən Eylat və Beer-Şeva ətrafındakı strateji hədəflər atəşə tutulub. Zərbələrin Dimona yaxınlığındakı nüvə tədqiqat mərkəzinə çox yaxın ərazilərə düşməsi beynəlxalq birliyi təşvişə salsa da, BAEA nüvə obyektinə birbaşa ziyan dəymədiyini bildirib.
Qeyd olunub ki, poladəritmə və kimyəvi maddə anbarlarının hədəf alınması İsrailin hərbi sənaye zəncirini qırmaq məqsədi daşıyır və bu, İsrailin bir neçə gün əvvəl İranın neft-kimya zavodlarına endirdiyi sarsıdıcı zərbələrə Tehranın verdiyi "simmetrik cavab"dır.
Hazırda Negevdə yanğınların söndürülməsi və mümkün kimyəvi sızmanın qarşısının alınması üçün xüsusi briqadalar hadisə yerində işləyir. /Musavat.com/