Bu tarix ABŞ prezidenti Donald Trampın İrana Hörmüz boğazını yenidən açmaq üçün verdiyi son günə təsadüf edir.
Turkustan.az xəbər verir ki, “The Wall Street Journal” (WSJ) qəzetinin iddiasına görə, minlərlə ABŞ dəniz piyadasının martın 27-də Yaxın Şərqə çatması gözlənilir.
Qəzetin məsələ ilə tanış olan iki ABŞ rəsmisinə istinadən yaydığı məlumata əsasən, Yaponiyada yerləşən USS Tripoli, USS New Orleans və 31-ci Dəniz Piyada Alayından təxminən 2200 hərbçi həmin gün ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına yerləşdiriləcək.
Bundan əlavə, USS Boxer gəmisində xidmət edən 11-ci Dəniz Ekspedisiya Bölməsinin də yaxın həftələrdə Yaxın Şərqə göndərilməsi planlaşdırılır.
Martın 22-də ABŞ prezidenti Donald Tramp İranın Hörmüz boğazını 48 saat ərzində tam açmadığı təqdirdə ölkənin elektrik stansiyalarına zərbələr endirməyə başlayacağını açıqladı; dünən isə bu müddəti beş gün uzatdı.
Aytən Yaşar/ Turkustan.az