Paşinyan Putindən gizli tapşırıq alıb - Sabiq nazirdən AÇIQLAMA


Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni Konstitusiya layihəsini təqdim edib. Lakin sənədin açıqlanması ölkə gündəmində yeni etirazlara səbəb olub. Belə ki, müxalifət məsələni sabotaj etmək istəyir. Yeni yaranan vəziyyətdə Rusiyanın, Avropa İttifaqının, İranın və Fransanın hansı addımlar atacağı, prosesin necə nəticələnəcəyi maraq doğurur.

Modern.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan artıq altı ildir bu prosesi uzadır:

“Paşinyan bir oyun oynayır və bu, seçkilər ərəfəsində Rusiya rəhbərliyinə həm TRIPP layihəsinin, həm də sülh sazişi məsələsinin ləngidiləcəyi ilə bağlı söz verməsi ehtimalı ilə əlaqədardır. Bunun əvəzində isə Rusiyadan dəstək alıb. Hamıya məlumdur ki, Ermənistan parlament seçkilərində Paşinyan tərəfindən ciddi saxtakarlıqlara yol verilib. Hətta bunu Avropa diplomatları da deyirlər. Lakin o, səsləri öz hesabına artıraraq parlamentdə çoxluğu təmin edib, amma konstitusion çoxluq əldə etməyib. Halbuki seçkiləri saxtalaşdırırdısa, əlavə altı səsi də saxtalaşdıra bilərdi. Ancaq bunu etmədi. Beləliklə, sülh sazişinin və TRIPP layihəsinin əleyhinə çıxan Rusiya meyilli müxalifətin prosesi blokladığı görüntüsü yaradılıb".

Sabiq nazir qeyd edib ki, Paşinyanın hazırkı addımları görüntü yaratmağa hesablanıb:

"İran da yaxşı başa düşür ki, Ermənistan Rusiyanın sözündən çıxan deyil. Paşinyan ona verilən tapşırıqları yerinə yetirəcək. Buna görə də İran kənara çəkilərək İrəvandan xarici qüvvələrin Ermənistanda olmayacağına dair təminat aldığını bildirir. Avropa İttifaqı, o cümlədən Fransa isə TRIPP-a Avropaya qarşı nəzərdə tutulan layihə kimi baxır. Çünki onlar başa düşürlər ki, Trampın təşəbbüsü ilə Avrasiya üzərindən şimal və cənub arasındakı böhranlı bölgələri birləşdirən yol yaranacaq və onun nəzarəti ABŞ-da olacaq. Avropa İttifaqı bundan məmnun deyil. Paşinyanın hazırkı addımları görüntü yaratmağa hesablanıb. Guya o, sülh istəyir, amma buna müxalifət mane olur. Bu görüntü ABŞ-nin təzyiqlərindən yayınmaq məqsədi daşıyır. Tramp Paşinyana xatırladır ki, sülh sazişi onun ofisində imzalanıb, amma Ermənistan prosesi ləngidir. Bununla belə, Paşinyanın bu siyasətinin real sülhə xidmət etdiyinə şəxsən inanmıram və ciddi şübhələrim var. Yeni Konstitusiya layihəsinin açıqlanması da gözdən pərdə asmaq cəhdidir. Paşinyan nə açıqlayıb? Bu, sadəcə bir parça kağızdır. Referenduma çıxarılmasa, elə kağız olaraq qalacaq. Referendumun keçirilməsinə də Rusiya vasitəsilə elə bir vəziyyət yaradıblar ki, guya parlament buna imkan vermir. Buna baxmayaraq, bəziləri az qala papaqlarını göyə ataraq Paşinyanın necə gözəl siyasətçi olduğunu söyləyirlər. Halbuki o, sadəcə oyun oynayır".

Sabiq nazir hazırda bir neçə teatr səhnəsinin nümayiş etdirildiyini deyib:

"Guya Rusiya ilə Paşinyan küsülüdürlər. Mən dəfələrlə demişəm ki, bu, oyundur. Əslində, onların sanksiyalardan yayınmaqla həyata keçirdikləri ticarət dövriyyəsi artıb, sonradan Qərbin təzyiqləri nəticəsində azaldılıb. İllik 14 milyard dollardan 4 milyard dollara düşüb. Bu, kifayət qədər böyük məbləğdir. Həmin dövrdə Ermənistanın ümumi daxili məhsulunun və adambaşına düşən gəlirinin artdığı, hətta Azərbaycanı və Gürcüstanı geridə qoyduğu barədə danışılırdı. Halbuki bu malların bir çoxu Ermənistana belə gəlib çatmırdı, sadəcə sənədlər üzərində mübadilə aparılırdı. ABŞ-nin siyasətini açıq şəkildə başa düşməliyik. Avrasiya iddiası və Orta Dəhliz məsələsi hazırkı vəziyyətdə TRIPP layihəsi ilə bağlıdır. ABŞ təxminən 100 il bu yola öz nəzarətini təmin edəcək. Ona görə də bütün tərəflər layihənin ətrafında cərəyan edən proseslərə diqqət yetirirlər. Bu məsələdə Azərbaycanın mövqeyi isə açıqdır. Vaxtilə bolşeviklər tərəfindən Azərbaycan qanunsuz olaraq iki yerə bölünüb və Zəngəzur Ermənistana verilib. İndi iki hissə arasında kommunikasiyaların bərpası bizim strateji məqsədimiz və tələbimizdir. Ermənistan bu öhdəliyi Azərbaycanın qələbəsindən sonra üzərinə götürüb və Vaşinqtonda da bir daha təsdiqləyib. Əminəm ki, Azərbaycan bu istiqamətdə siyasətini davam etdirəcək və biz bu yolun açıldığını görəcəyik”.


MANŞET XƏBƏRLƏRİ