Dünyanı narahat edən müharibədə tərəflərdən biri zeytun budağı uzatdı


Pakistan ilə Əfqanıstan arasında münaqişə genişmiqyaslı müharibə həddinə çatdıqca, regional təhlükəsizlik gündəliyi yenidən formalaşır və tərəflərdən biri sülh yolu ilə həllə çağırır.

Turkustan.az xəbər verir ki, Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid mətbuat konfransında son toqquşmalarla bağlı açıqlama verib. Mücahid “müharibəni Pakistan başlatdı” deyərək, İslamabadın Əfqanıstanın hava məkanını pozduğunu, Cəlalabad və Paktika bölgələrində mülki hədəflər də daxil olmaqla yaşayış məntəqələrini bombaladığını iddia edib.

Əfqanıstanın cavab tədbirlərini “qanuni özünümüdafiə” kimi qiymətləndirən Mücahid bildirib ki, Kabil administrasiyası dialoqu dəstəkləməyə davam edir. “Biz həmişə dinc həll yolunda israr etmişik və məsələnin danışıqlar yolu ilə həllini istəyirik”, – deyə o vurğulayıb.

Mücahid əlavə edib ki, Əfqanıstan heç bir ölkənin təsiri altında olmadan, Pakistan və Hindistan da daxil olmaqla bütün qonşularla dinc münasibətlər qurmaq niyyətindədir. Onun sözlərinə görə, Hindistanla münasibətlər Pakistana qarşı yönəlməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ