Əfqanıstan və Pakistandakı müharibədən ən çox faydalanan ölkə bəlli oldu


Pakistan və Əfqanıstan arasında Durand Xətti boyunca baş verən qarşılıqlı hücumlar gərginliyi artırıb.

Turkustan.az xəbər verir ki, toqquşmalardan sonra Pakistan Müdafiə Nazirliyi “Səbrimiz tükənib; Əfqanıstanla açıq müharibəyə girmişik” açıqlamasını yayıb. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif də “Artıq aramızda açıq müharibə gedir” deyə bildirib. Məlumatlara görə, döyüşlərdə 133 əfqan və 55 pakistanlı hərbçi həlak olub.

İki ölkəni ayıran 2 640 kilometrlik Durand Xətti 1893-cü ildə Britaniya Hindistanı ilə Əfqanıstan arasında müəyyənləşdirilib. Lakin sərhədin puştun tayfalarını iki yerə bölməsi uzun illərdir sosial və siyasi problemlərə səbəb olur. Əfqanıstan bu xətti rəsmi sərhəd kimi tanımır və Pakistanın sərhəd boyunca inşa etdiyi polad baryerləri “işğal xətti” adlandırır. Torxham və Spin Boldak keçid məntəqələrində tez-tez baş verən insidentlər bu xəttin iki ölkə arasında əsas gərginlik mənbəyi olaraq qaldığını göstərir.

Münaqişələrin davam etdiyi bir vaxtda beynəlxalq təhlillər Çinin prosesdən geosiyasi baxımdan faydalana biləcəyini qeyd edir. Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkənin Pekinlə münasibətləri daha da dərinləşib. Çin eyni zamanda Pakistanın əsas silah təchizatçılarından biri hesab olunur.

Pakistanın ən böyük silah təchizatçılarından biri olan Çin bu yaxınlarda Pakistana 40 ədəd beşinci nəsil J-35 qırıcı təyyarəsi, KJ-500 AWACS erkən xəbərdarlıq təyyarəsi və HQ-19 hava hücumundan müdafiə sistemləri tədarük edib. J-35, J-20-dən sonra Çinin ikinci gizli qırıcı təyyarəsi kimi tanınır. Qabaqcıl avionika sistemlərinə malik beşinci nəsil qırıcı təyyarə hesab edilən J-35-in Pakistanın hava imkanlarını əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ