Ukrayna cəbhəsində Rusiya tərəfindən döyüşlərə cəlb olunan Şimali Koreya (KXDR) hərbçiləri arasında itkilərin sayı rekord həddə çatıb.
Musavat.com-un Cənubi Koreyanın "Yonhap" agentliyinə istinadən verdiyi xəbərə görə, rəsmi Seul indiyədək 6000-ə yaxın Şimali Koreya əsgərinin həlak olduğunu və ya yaralandığını təsdiqləyib.
Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin (NIS) məlumatına görə, hazırda Rusiyanın Kursk vilayətində 11 minə yaxın KXDR hərbçisi cəmləşib. Onlardan:
10 000 nəfəri birbaşa döyüş tapşırıqlarını yerinə yetirən piyada qoşunları;
1 000 nəfəri isə mühəndis-istehkam bölmələrinin üzvləridir.
"Canlı qüvvə zavodu": Qayıdanlar yenidən cəbhəyə göndərilir
Kəşfiyyat xəbərdarlıq edir ki, Pxenyan itkiləri bərpa etmək üçün yeni sistemindən istifadə edir. Məlumata görə, 2025-ci ilin dekabrında vətənlərinə dönən 1100 nəfərlik qrup yaxın günlərdə yenidən Ukrayna ilə sərhədə - Kursk zonasına göndərilə bilər.
İtkilərə rəğmən qazanc: Şimali Koreya "müasir müharibə"ni öyrənir
Seulun hesabatında diqqətçəkən digər məqam KXDR ordusunun bu qanlı təcrübədən qazandıqlarıdır. 6 min itkiyə rəğmən, Kim Çen In rejimi aşağıdakı dividentləri əldə edib:
Döyüş təcrübəsi: Şimali Koreya ordusu ilk dəfə müasir dron müharibəsi və yüksək texnologiyalı taktikalara yiyələnir.
Texnoloji dəstək: Rusiya göstərilən "qardaşlıq yardımı" müqabilində Pxenyana silah sistemlərinin modernləşdirilməsi üçün gizli texniki yardımlar edir.
Dron istehsalı: KXDR-də artıq yeni PUA (pilotsuz uçuş aparatı) departamenti yaradılıb və Rusiyadan alınan biliklər əsasında kütləvi istehsala başlanılıb.
Xatırladaq ki, daha əvvəl Ukrayna kəşfiyyatı da bəzi KXDR hərbçilərinin əsir düşdüyünü və onların müasir müharibənin gedişatından (xüsusən kamikadze dronlardan) dəhşətə gəldiklərini açıqlamışdı.