Epşteyn işində ortaya çıxan bir detal bir ölkəni narahat etdi


Jeffrey Epstein sənədlərindən yeni elektron poçtların və materialların dərc olunmasından sonra Şimali Makedoniya beynəlxalq medianın diqqət mərkəzinə düşüb.

Turkustan.az xəbər verir ki, səbəb, sənədlərdə ölkənin insan beyni tədqiqatları ilə əlaqəli şəkildə xatırlanması və bunun insan alveri ilə mümkün əlaqələrə dair şübhələr yaratmasıdır.

Xarici KİV-in məlumatına görə, Epsteinə aid elektron poçtlardan birində Şimali Makedoniyadan ABŞ-a beyin nümunələrinin göndərildiyi qeyd olunur. Bildirilir ki, bu nümunələr Kolumbiya Universiteti və Pittsburq Universiteti kimi elmi müəssisələrdə aparılan tədqiqatlara daxil edilib və Epstein bu proses barədə məlumatlandırılıb. Sənədlərdə nümunələrin daşınma mərhələləri də ətraflı şəkildə təsvir olunur.

Məlumatların ictimailəşməsindən sonra Şimali Makedoniya hakimiyyət orqanlarının hərəkətə keçdiyi və ölkədə insan alveri ilə bağlı istintaqın başladıldığı bildirilir. Araşdırmanın rəsmi şəkildə təsdiqləndiyi qeyd olunsa da, hazırda bu fəaliyyətlərin birbaşa insan alveri ilə əlaqəli olub-olmaması barədə rəsmi açıqlama verilməyib.

Bununla belə, hüquq-mühafizə və təhlükəsizlik orqanlarının məsələni hərtərəfli araşdırdığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ