Adı Epşteynin sənədlərində yer alan türk iş adamı sükutunu pozdu


Epşteyn sənədləri dünyada geniş rezonans doğurmağa davam edir.

Turkustan.az xəbər verir ki, adı çəkilən sənədlərdə bir sıra dövlət məmurları, tanınmış iş adamları və sənətçilərlə bağlı pedofiliya da daxil olmaqla ciddi əxlaqi cinayətlərə dair iddialar yer alır. Sənədlərdə Türkiyənin Antalya şəhəri ilə bağlı diqqətçəkən bir detalın ortaya çıxması isə müzakirələri daha da gücləndirib.

Araşdırmalara görə, hücumların təşkilatçısı kimi tanınan Ceffri Epşteynin iş adamı Fəttah Tamincəyə məxsus Rixos otellərində qaldığı iddia olunur. Bildirilir ki, Epşteyn “təlim” adı altında şəxsi masajçıları və köməkçiləri üçün bu otellərdə qalma təşkil edib.

7 iyun 2017-ci il tarixli elektron məktubda Rixos rəsmisi Sebla Soydanın Epşteynə yazdığı, Epşteynin isə cavabında “Sebla, sənə və Fəttaha təşəkkür edirəm. Bu, onların və mənim həyatımı dəyişdi. Sənə minnətdaram” ifadələrini işlətdiyi qeyd olunur.

İddialar həm beynəlxalq, həm də Türkiyə mediasında geniş yer tutsa da, mübahisələrin mərkəzində olan Fəttah Tamincə məsələ ilə bağlı jurnalist Kenan Taşa açıqlama verib. Kenan Taş bu barədə Cüneyt Özdemirin YouTube kanalında danışaraq Tamincə ilə olan yazışmasını belə təsvir edib:

“Bu iddialardan sonra ona mesaj yazdım və mövzu ilə bağlı fikrini soruşdum. Təyyarədə olduğunu, axşam qayıdacağını və enişdən sonra mənə zəng edəcəyini bildirdi.”

Taşın sözlərinə görə, telefon danışığında Tamincə ona hansı mövzuda sual vermək istədiyini soruşub. Taş Epşteyn sənədlərində adı çəkilən şəxslər və Sultan bin Süleyman tərəfindən göndərildiyi iddia edilən elektron məktub barədə sual ünvanlayıb.

Bu məqamda Kenan Taş Sultan bin Süleymanla bağlı əlavə məlumat verərək bildirib ki, o, Dubaylı nüfuzlu iş adamıdır və dünya konteyner ticarətinin təxminən 10 faizinə nəzarət edir. Onun sərvətinin 20 milyard dollar civarında olduğu qeyd olunub.

Taşın sözlərinə görə, Fəttah Tamincə məsələyə belə münasibət bildirib:
“Bu şəxs mənim dostumdur. Məndən bir xahişi oldu və biz də kömək etdik.”

Epşteynlə hər hansı əlaqəsinin olub-olmaması ilə bağlı suala isə Tamincə qəti şəkildə belə cavab verib:
“Mən bu adamla heç vaxt görüşməmişəm, onunla heç bir əlaqəm olmayıb. Bu proses yalnız yaxın dostumuzun xahişi əsasında baş verib və bizim Epşteynlə birbaşa heç bir bağlantımız yoxdur.”

Adı Epşteyn sənədlərində hallanan Fəttah Tamince öz fikrini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ