İsrail Baş naziri Binyamin Netanyahunun müharibənin əvvəlindən səsləndirdiyi “qətiyyətli qələbə” vədləri ABŞ Prezidenti Donald Trampın sülh planının icrasından sonra İsraildə sərt tənqidlərə səbəb olub.
Turkustan.az xəbər verir ki, Jerusalem Post yazır ki, Netanyahunun strateji qərarları İsraili nəzərdə tutulan təhlükəsizlik məqsədlərindən uzaqlaşdırıb, Türkiyə və Qətər isə regionda əsas oyunçulara çevrilib.
Təhlilə görə, “HƏMAS-ın tərksilahı, girovların qaytarılması və Qəzzada tam İsrail nəzarəti” kimi vədlər reallaşmayıb. HƏMAS siyasi mövcudluğunu qoruyur, İsrail isə Qəzza üzərində nəzarəti regional və beynəlxalq aktorlarla bölüşməyə məcbur qalıb.
Xüsusilə Türkiyənin Trampın sülh planı çərçivəsində yaradılan Qəzza Sülh Şurasındakı rolu diqqət çəkir. Xarici işlər naziri Hakan Fidanın bu prosesə daxil edilməsi İsrail üçün gözlənilməz addım kimi dəyərləndirilir.
Qəzetin qənaətinə görə, İsrail müharibəni öz təşəbbüsü ilə bitirmək fürsətini itirib: HƏMAS tam məğlub edilməyib, Qəzza silahsızlaşdırılmayıb və İsrail təhlükəsizlik nəzarətini beynəlxalq mexanizmlərlə paylaşmalı olub.
Aytən Yaşar/ Turkustan.az