Xameneini yalnız onlar devirə bilər – İranın ən güclü hərbi qüvvəsi…


Amerikalı analitik Maykl Skott Doran İrandakı mövcud vəziyyəti şərh edərkən bildirib ki, SEPAH daxilindən çıxacaq güclü bir fiqur amerikalılarla anlaşma bağlayaraq Ali rəhbər Əli Xameneini devirə bilər.

Bu ssenari reallığa nə dərəcədə yaxındır? SEPAH İran teokratik rejimə son qoya bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Doranın təsvir etdiyi model mahiyyət etibarilə SEPAH daxilində güclü bir mərkəzin (komandanın və ya qrupun) formalaşması, ABŞ-la gizli və ya yarıgizli anlaşma, nüvə proqramından imtina, müfəttişlərin buraxılması, raket proqramının məhdudlaşdırılması müqabilində sanksiyaların qaldırılması və rejimin “islahat olunmuş” formasının qəbul edilməsidir:

“Yəni bu, teokratik ideologiyanın zəiflədiyi, fars millətçi avtoritar bir dövlətin formalaşmasıdır. Klassik mənada “yuxarıdan çevriliş + ideoloji transformasiya” ssenarisidir. Bu nə dərəcədə reallığa yaxındır? Qısa cavab versək, qismən mümkündür, amma son dərəcə çətin və risklidir.

Daha ətraflı təhlil etsək:

a) SEPAH Xameneini devirmək gücünə malikdirmi?

Xameneini yalnız onlar devirə bilər - İranın ən güclü hərbi qüvvəsi...

Anar İsayev

Bəli, texniki olaraq malikdir. SEPAH ordudan daha güclüdür, iqtisadiyyatın böyük hissəsinə nəzarət edir, kəşfiyyat, media və repressiya aparatında dominantdır, hətta bir çox hallarda dövlətin özündən daha güclü davranır. Amma SEPAH Xameneinin legitimliyi üzərində qurulduğundan, “Vilayət e fəqih” çökərsə, SEPAH-ın da ideoloji dayağı çökər. Yəni bu, özünü xilas etmək üçün öz kökünü kəsmək kimi bir qərar olar.

b) SEPAH daxilində fars millətçiliyi varmı?

Bəli, son 10–15 ildə rəsmi şiə ideologiyası zəifləyib. İran–İraq müharibəsi mifologiyası “şiəlikdən” çox “irançılıq” üzərində qurulub, “İran imperiyası”, “Böyük İran”, “fars sivilizasiyası” diskursu güclənib. Ərəb dünyasına baxış getdikcə daha millətçi və hətta irqçi xarakter alıb. Bu mənada Doran haqlıdır: SEPAH artıq klassik islamçı təşkilat deyil, hibrid ideoloji strukturdur.

Amma niyə bu ssenari çətindir?

Çünki ABŞ SEPAH-ı terror təşkilatı elan edib və onun heç bir zəmanətinə tam inanmır. Ona görə də “bir diktatoru digəri ilə dəyişmək” istəmir. ABŞ üçün əsas sual budur: “Xameneini devirdikdən sonra SEPAH bizi aldatmayacaqmı?” Bu, Vaşinqton üçün son dərəcə yüksək riskli ssenaridir.

SEPAH üçün daha real yol Xameneini zəiflətmək, amma devirməmək, “Vilayət e fəqih”i formal simvola çevirmək və rejimi tədricən “milli təhlükəsizlik dövləti”nə transformasiya etmək ola bilər. Buna görə də ABŞ-la tam deyil, taktiki razılaşmalar mümkündür və ehtimal edirəm ki, bu proses artıq gedir”.


MANŞET XƏBƏRLƏRİ