Trampdan dolları yerindən oynadacaq həmlə – Manatın məzənnəsi necə olacaq?


ABŞ Prezidenti Donald Tramp dünya bazarlarında neftin bir barelinin qiymətinin 53 dollara qədər enməsini istəyir.

Sitat:

“Bəli, bunu görmək istərdim. Hazırda bir barel üçün 58 dollar səviyyəsindəyik. Bir barel üçün 53 dolları görmək istərdim”.

Belə bir ssenaridə Azərbaycanı nə gözləyir? Neftin 53 dollara düşməsi ölkənin büdcə gəlirlərinə, manatın sabitliyinə və sosial xərclərə necə təsir göstərə bilər?

Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova bildirib ki, dövlət büdcəsinin əsaslı hissəsi neftdən əldə olunan gəlirlər hesabına formalaşır.

Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsi hazırlanarkən neftin bir bareli üçün 55-60 dollar qiymət götürülür:

“Qiymət 53 dollara enərsə, bu, Azərbaycan iqtisadiyyatı üçün qismən riskli hesab edilə bilər. Məlumdur ki, yerli valyutanın sabitliyi neft gəlirləri hesabına təmin olunur. Belə şəraitdə dərhal devalvasiya və ya ciddi iqtisadi risk yaranmasa da, bu hal uzun müddət davam edərsə, iqtisadiyyatımız real təhlükə ilə üzləşə bilər. Manatın sabitliyi dərhal pozulmaz. Lakin 53 dollar səviyyəsi uzunmüddətli olarsa, bu, artıq manatın məzənnəsinə təsir göstərə bilər”.

İqtisadçı vurğulayıb ki, büdcə gəlirlərinə qısa və orta müddətdə hər hansı real təhlükə görünmür:

“Bu halda qeyri-neft sektorunun inkişafı dövlət üçün prioritet məsələdir və bu istiqamətdə sosial-iqtisadi layihələr hazırlanır. Alternativ gəlir mənbələri hesabına müəyyən büdcə xərclərini tarazlamaq mümkündür. Eyni zamanda, dövlət büdcəsi layihələrinin icrasına yenidən baxılması da istisna edilmir”.

Sosial xərclərlə bağlı danışan G.Hüseynova qeyd edib ki, bu, dərhal mənfi təsir anlamına gəlmir:

“Bu o demək deyil ki, sosial xərclər dərhal təxirə salınacaq və ya kritik iqtisadi vəziyyət yaranacaq. Sadəcə, növbəti ilin büdcəsində sosial xərclər üçün nəzərdə tutulan artım, məsələn, 30 faiz idisə, bu rəqəm 10-15 faiz səviyyəsində müəyyən edilə bilər”.

İqtisadçı deyib ki, ümumilikdə neft qiymətləri tələb və təklifdən asılı olaraq dəyişir:

“Düşünmürəm ki, Trampın istəyi yaxın zamanda reallaşsın. Çünki qlobal iqtisadiyyatda geosiyasi balans pozulub, müxtəlif ölkələrə iqtisadi sanksiyalar tətbiq olunur. Buna İran və Rusiya ətrafında baş verən hadisələri nümunə göstərmək olar. Neftin qiyməti həm real tələbatdan, həm də hasilat həcmlərindən asılıdır. Trampın istəyi yalnız geosiyasi balansın qorunması və OPEK-in neft hasilatı ilə bağlı qərarları fonunda mümkün ola bilər. Əgər Səudiyyə Ərəbistanı hasilatı artırsa və bazarda təklif tələbi üstələsə, o zaman qiymət 53 dollar səviyyəsinə enə bilər”.


MANŞET XƏBƏRLƏRİ