Son günlər yayılan xəbərlərə görə, regionda nisbi seysmik aktivləşmə müşahidə olunur.
Turkustan.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı bildirib ki, zəlzələnin dəqiq proqnozu yoxdur.
"Heç bir seysmoloq nə vaxt, harda, hansı saatda, hansı dərinlikdə və hansı maqnitudada zəlzələ baş verəcəyini proqnozlaşdıra bilmir və bunun da əsas səbəbi zəlzələ ocaqlarının Yerin müxtəlif dərinliklərində yerləşməsi ilə bağlıdır".
V. Rafiqqızı qeyd edib ki, Azərbaycan da daxil olmaqla Cənubi Qafqaz regionu seysmik baxımdan aktiv bölgədə yerləşib.
"Seysmik baxımdan aktiv bölgələrdə isə hiss olunmayan və Yer səthinə gəlib çatmayan xırda zəlzələlər hər gün qeydə alınır. Eləcə də seysmik bölgələrdə vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər qeydə alınır və maqnitudası 3-dən yuxarı olan bütün zəlzələlər RSXM-nin rəsmi internet səhifəsində və sosial şəbəkələrdə olan rəsmi səhifələrində yerləşdirilir və ictimaiyyət bu barədə məlumatlandırılır. Son günlər Şamaxı və Biləsuvar rayonlarında qeydə alınan zəlzələlərlə bağlı isə onu qeyd etmək istərdim ki, Azərbaycanın öz ərazisində də seysmik baxımdan aktiv bölgələr var və həmin bölgələrdə vaxtaşırı maqnitudası 3 və 3-dən yuxarı zəlzələlərin qeydə alınması ərazinin geodinamik şəraiti baxımdan mümkün olan haldır. Hər iki rayonda qeydə alınan zəlzələlər zəif zəlzələlər olduğundan narahatçılıq üçün əsas yoxdur", - deyə o qeyd edib.