ABŞ Prezidenti Donald Tramp Konqresin Respublikaçı üzvləri qarşısında çıxışı zamanı onları 2026-cı ilin noyabrında keçiriləcək ara seçkilərə xüsusi diqqət ayırmağa çağırıb.
Turkustan.az xəbər verir ki, Tramp Respublikaçıların Konqres üzərində nəzarəti itirməsinin ciddi nəticələr doğura biləcəyini bildirib. Onun sözlərinə görə, belə bir halda Demokratlar impiçment prosesinə başlamaq üçün fürsət axtaracaqlar:
“Əgər biz ara seçkilərdə qalib gəlməsək, onlar məni impiçment etmək üçün bir səbəb tapacaqlar. Bu, qaçılmaz olacaq”.
ABŞ-ın Venesuela lideri Nikolas Maduroya qarşı həyata keçirdiyi əməliyyatın beynəlxalq aləmdə ciddi rezonans doğurduğu bir vaxtda Tramp daxili siyasi gündəmə diqqət çəkib və Respublikaçı qanunvericiləri seçkilərdə birgə hərəkət etməyə çağırıb.
Prezident vurğulayıb ki, Konqresdə çoxluğun qorunması onun administrasiyasının davamlılığı üçün həlledici əhəmiyyət daşıyır. Bu məqsədlə Tramp partiya daxilində birliyin gücləndirilməsinin və əsas seçki prioritetləri ətrafında səfərbərliyin vacibliyini önə çəkib.
Aytən Yaşar/ Turkustan.az